NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində 2022-ci ilin birinci yarımilində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan iclasda idarənin sədri Elçin Əliyev məruzə edərək bildirib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında muxtar respublikada fəaliyyət göstərən bank qurumlarının da fəaliyyəti müzakirə olunub və qarşıya bir sıra vəzifələr qoyulub. Bildirilib ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi aid qurumlarla birlikdə kredit təşkilatları tərəfindən sahibkarlıq müəssisələrinin kreditləşdirilməsinə və həmin kreditlərdən təyinatı üzrə səmərəli istifadəsinə nəzarət etməlidir.
Vurğulanıb ki, Naxçıvanda fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən 1 iyul tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşu 290 milyon 510 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 14 milyon 567 min manat, uzunmüddətli kredit qoyuluşu isə 275 milyon 943 min manat olub. Həmçinin cari ilin ötən altı ayı ərzində bank sektoru tərəfindən 141 milyon 222 min manat kredit verilib ki, bunun da 12 milyon 145 min manatını qısamüddətli, 129 milyon 77 min manatını isə uzunmüddətli kreditlər təşkil edib. Verilən kreditlərin 8 milyon 861 min manatı kənd təsərrüfatı, 8 milyon 501 min manatı sənaye, 7 milyon 20 min manatı kommersiya, 4 milyon 767 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin, 112 milyon 73 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin payına düşüb. Ümumilikdə, 107 nəfərə 4 milyon 768 min manat ipoteka krediti verilib ki, bundan 29-u güzəştli, 78-i isə digər şərtlərlə olub.
Qeyd edilib ki, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılan bank hesabları ilə bağlı tədbirlər davam etdirilir. Ötən 6 ay ərzində 107-si hüquqi, 26 min 600-ü fiziki şəxs olmaqla 26 min 707 müştəriyə yeni bank hesabı açılıb. Ötən müddətdə Dövlət Vergi Xidməti ilə həyata keçirilən stimullaşdırıcı tədbirlər də öz müsbət nəticələrini verib, 6 ayda nağdsız dövriyyənin həcmi 86 milyon 206 min manat olub. Həmçinin birinci yarımildə 6 bankomat, 39-u MilliÖn terminalı olmaqla, 44 ödəniş terminalı quraşdırılıb. Hazırda muxtar respublika üzrə 909-u təmassız olmaqla 1590 POS-terminal, 118 bankomat və 154 ödəniş terminalı fəaliyyət göstərir. 1 iyul tarixə muxtar respublikada mövcud ödəniş kartlarının sayı isə 292 min 689 ədəd təşkil edib.
Elçin Əliyev qeyd edib ki, kiçik və orta biznesin maliyyə resursları ilə təminatında, həmçinin mikro kreditləşmə sahəsində yüksək təcrübəyə malik banklardan olan “Bank Respublika”nın Naxçıvan fililalı fəaliyyətə başlayıb. Yaxın zamanda muxtar respublikanın bank sisteminə daha bir yeni bank filialının da qoşulması nəzərdə tutulub ki, atılacaq bu addımlar muxtar respublikada iqtisadi inkişafa öz töhfəsini verəcək.
İdarənin sədri Elçin Əliyev ötən dövrdə görülən işlər zamanı aşkar edilən nöqsanları da iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, muxtar respublikada ödəniş infrastrukturuna nəzarət məqsədilə mütəmadi monitorinqlər keçirilib, xüsusilə bankomatlarla bağlı bir çox hallarda nöqsanlar aşkar edilib və aradan qaldırılması üçün aidiyyəti üzrə müvafiq göstərişlər verilib. Bu istiqamətdə nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.
“Naxçıvanbank” ASC İdarə Heyəti sədrinin birinci müavini İsa İsayev, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Naxçıvan filialının müdiri Nizami Əmiyev və “Kapital Bank” ASC-nin Şərur filialının müdiri Hidayət Məmmədov məruzə ətrafında çıxış edib, bank və filiallar üzrə görülən işləri diqqətə çatırıblar.
Sonda 6 aylıq hesabatla bağlı videoçarxa baxış olub.
Ərhan Novruzov