Bu il muxtar respublikada ümumi daxili məhsul istehsalı 2,2 faiz çox olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və 2022-ci ilin birinci yarısı ərzində görülmüş işlər müzakirə olunub. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə keçirilən kollegiya iclasında nazir Tapdıq Əliyev bildirib ki, “Sənaye ili”nin birinci yarımili ərzində muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 363 milyon 982 min manatdan artıq olub. Bu da bir il öncəki göstəricidən 2,2 faiz çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2 faizlə sənaye sahəsi tutub və maddi istehsalın payı 57,9 faiz təşkil edib. Cari ilin ilk yarısında sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 9 milyon manata yaxın kredit verilib ki, bunun da 4 milyon 903 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşüb.
Muxtar respublikada sənaye məhəllələrinin yaradılmasının əhəmiyyətindən danışan nazir qeyd edib ki, haliyədə 3 istehsal korpusundan ibarət olan Şərur Sənaye Məhəlləsində ayaqqabı, Avropa qapıları, bərk və yumşaq mebel istehsalı sahələri fəaliyyət göstərir. Həmçinin corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, süd məhsullarının emalı və qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi və qurudulması, bitki yağı istehsalı sahəsinin qurulması istiqamətində işlər davam etdirilir. Şərur rayonunun əmək ehtiyatları və təbii resursları nəzərə alınaraq iri sahibkarlıq sahələri ilə yanaşı kiçik sahibkarlıq subyektləri və ailə təsərrüfatları tərəfindən yaradılması məqsədəuyğun hesab edilmiş balın qablaşdırılması, şirniyyat istehsalı, trikotaj malları və digər kiçik istehsal sahələri üçün də yerlər müəyyən edilib.
Kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən bəhs edən Tapdıq Əliyev diqqətə çatdırıb ki, cari ilin birinci yarımili ərzində süd emalı, heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq təsərrüfatları, istixana, soyuducu anbar olmaqla ümumilikdə 68 sahənin yaradılması və genişləndirilməsi başa çatdırılıb, həmçinin 34 kənd təsərrüfatı məhsulları istehsalı sahələrinin yaradılması davam etdirilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən aqraryönümlü 60 layihəyə 1 milyon 36 min 300 manat güzəştli kredit verilib. Bununla yanaşı, kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 50 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində 766 min 300 manat məbləğində dövlət maliyyə dəstəyi də göstərilib. Muxtar respublikada istehsal olunan məhsulların tanıdılması məqsədilə qabaqcıl ailə təsərrüfatlarının məhsullarını əks etdirən “Ailə təsərrüfatları kataloqu"nun hazırlanması başa çatdırılıb.
Tapdıq Əliyev qeyd edib ki, muxtar respublikada sahibkarlığın inkişafını daha da sürətləndirmək və onların fəaliyyətinə mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədilə cari ilin ilk yarısında xüsusi fəaliyyət növləri üzrə 144 icazə, 691 lisenziya verilib. Cari ilin ilk 6 ayı ərzində 12 beynəlxalq sərgidə sahibkarların iştirakı təmin edilib, ümumilikdə 8 хаrici ölkədə kеçirilən 19 beynəlxalq tədbirdə 47 sahibkarlıq subyektinin 71 nümayəndəsi iştirak edib. Sərgilərdə 30 növdə 434 çeşiddə məhsul nümayiş etdirilib.
Bildirilib ki, altıncı çağırış Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisinin yeddinci sessiyasında nazirliyin qarşısına bir sıra vəzifələr qoyulub. Belə ki, əsas tələbat malları üzrə yerli istehsalın təşviq edilməsi, yeni sahibkarlıq müəssisələrinin yaradılmasının dəstəklənməsi, kredit təşkilatları tərəfindən sahibkarlıq müəssisələrinin kreditləşdirilməsinə və həmin kreditlərdən təyinatı üzrə səmərəli istifadəyə nəzarət olunması, sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və yeni sənaye müəsissələrinin yaradılmasının davam etdirilməsinə əsas diqqət yönəldilməlidir. Həmçinin rentabelli sahələrə investisiyaların cəlbi istiqamətində iş aparılması, ailə təsərrüfatları məhsullarının emalı, qablaşdırılması və ixracına dəstək verilməsi, muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda mövqeyinin möhkəmləndirilməsi və rəqabətqabiliyyətinin artırılması istiqamətində işlərin davam etdirilməsi, daxili tələbat və ixrac imkanları, o cümlədən ixrac bazarlarında baş verən tendensiyaların düzgün təhlil olunması diqqətdə saxlanmalıdır.
Sonra nazirliyin Sənaye şöbəsinin müdiri Elnur Mahmudovun, Sahibkarlığın İnkişafı Fondu idarə heyətinin sədri Novruz Novruzlunun, İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Anar Cəfərovun və “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səbuhi Seyidovun məruzə ətrafında çıxışları dinlənilib.
Mahmud Hüseynov