Naxçıvanda əl arabaları istehsal edən yeni müəsissə fəaliyyətə başlayıb - FOTOLAR
Naxçıvan şəhərində daha bir istehsal müəsissəsi fəaliyyətə başlayıb. “Saf metal” MMC adı ilə fəaliyyət göstərən müəsissədə inşaat və kənd təsərrüfatında istifadə olunan əl arabaları istehsal olunur.
Naxçıvan şəhər Şəhriyar küçəsində yerləşən “Saf metal” MMC 2019-cu ildən metal məhsullarının istehsal sahəsi kimi fəaliyyət göstərib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən yerli istehsalın təşviqi məqsədilə müəsissəyə 56 min 500 manat dövlət dəstəyi göstərilib, həmçinin müəsissə daha uyğun istehsal yeri ilə təmin olunub. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fəaliyyətini daha da genişləndirən müəssisədə bu ilin iyun ayından etibarən inşaat və kənd təsərrüfatı işlərində tələbatı çox olan əl arabalarının istehsalına da başlanılıb. Müəssisədə 10 nəfər daimi işlə təmin olunub. Müəssisə gündəlik 40-45 ədəd əl arabası istehsal etmək gücündədir.
“Saf metal” MMC-nin istehsal etdiyi əl arabaları Türkiyənin yüksək keyfiyyətli məhsullarından istifadə edilərək yığılır. Müasir avadanlıqların istehsal prosesindən keçən əl arabaları keyfiyyəti ilə seçilir və uzunömürlüdür.
Həmçinin müəsissədə yaxın zamanda inşaat və kənd təsərrüfatı işlərində istifadə edilən digər alətlərin də istehsalı nəzərdə tutulur.
Xosrov İbrahimov