Muxtar respublikada taxıl yığımı başa çatıb

A- A A+

Taxılçılığın inkişafı əhalinin etibarlı ərzaq məhsulları ilə təminatında mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada bu sahənin inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, o cümlədən torpaq mülkiyyətçilərinə subsidiyaların, mineral gübrələrin, güzəştli şərtlərlə kreditlərin, texnika və avadanlıqların verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin geniş vüsət alması bol məhsul istehsalına səbəb olub. 

Görülən tədbirlərin nəticəsi olaraq 2022-ci ilin məhsulu üçün muxtar respublikada 64259 hektar sahədə əkin aparılıb ki, bunun da 33466 hektarını və ya 52,1 faizini taxıl sahəsi təşkil edib. 2021-ci illə müqayisədə taxıl əkini sahəsi 745 hektar artıb.

Taxıl əkini sahəsinin 21378 hektarında buğda, 12088 hektarında isə arpa əkilib. Sahələrin 4038 hektarı və yaxud 12,1 faizi Şərur, 11094 hektarı və yaxud 33,1 faizi Babək, 1607 hektarı və yaxud 4,8 faizi Ordubad, 5711 hektarı və yaxud 17,1 faizi Culfa, 6056 hektarı və yaxud 18,1 faizi Kəngərli, 1527 hektarı və yaxud 4,6 faizi Şahbuz, 2441 hektarı və yaxud 7,3 faizi Sədərək rayonlarının, 992 hektarı və yaxud 2,9 faizi isə Naxçıvan şəhərinin payına düşüb. 

Cari ildə taxıl sahələrindən 107418 ton məhsul tədarük olunub ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 4046 ton və yaxud 3,9 faiz çoxdur. Yığılan məhsulun 69945 tonu buğda, 37473 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla hər hektardan 32,1 sentner olmuşdur ki, bu da ötən illə müqayisədə 1,6 faiz çoxdur. 

Əldə olunan məhsulun 16484 tonu və ya 15,3 faizi Şərur, 35308 tonu və ya 33 faizi Babək, 4663 tonu və ya 4,3 faizi Ordubad, 17007 tonu və ya 15,8 faizi Culfa, 18064 tonu və ya 16,8 faizi Kəngərli, 4081 tonu və ya 3,8 faizi Şahbuz, 8941 tonu və ya 8,3 faizi Sədərək  rayonlarının, 2870 tonu və ya 2,7 faizi isə Naxçıvan şəhərinin payına düşüb. 

Şəhər və rayonlar üzrə taxıl yığımının bölgüsü, faizlə

Tədarük olunan buğdanın bir kiloqramının cari ildə 60, arpanın isə 48 qəpikdən mərkəzləşmiş qaydada satın alınması taxıl əkininə və onun vaxtında itkisiz yığılmasına marağı daha da artırıb. 

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 93 ədədi 2022-ci ilin yanvar-iyul aylarında olmaqla, ümumilikdə, 3495 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. 2022-ci ilin yanvar-iyul aylarında 66 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 39-u nağd yolla satılıb.

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında, keyfiyyətinin yüksəldilməsində və ərzaq təminatının yaxşılaşdırılmasında toxumçuluq xüsusi yer tutur. Muxtar respublikada keyfiyyətli toxum istehsalının yaradılması diqqətdə saxlanılıb, ötən dövründə “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən qurulub. Bütün bunlar da keyfiyyətli və tələbata uyğun toxum sortlarının istehsalına və satışına, daxili tələbatın ödənilməsinə əlverişli şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iyulun 7-də taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə kənd təsərrüfatının, xüsusilə də taxılçılığın inkişafının əhəmiyyətini vurğulayaraq deyib: “Muxtar respublikada ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarına olan tələbat tamamilə taxıla olan tələbat isə, əsasən, yerli istehsal hesabına ödənilir. Bu gün taxıla olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi qarşıda duran əsas vəzifələrdəndir”. 

Muxtar respublikada kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi, qapalı suvarma şəbəkələrinin qurulması, yeni torpaqların əkin dövriyyəsinə qatılması taxılçılığa marağın artırılmasına və məhsuldarlığın daha da çoxalmasına şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: