Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərar verib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qərara əsasən, ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış məntəqələrindən daşıyıcılar (təchizatçılar) tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması üçün bu Qərara uyğun olaraq subsidiya veriləcək.
Subsidiyanın daşıyıcılara (təchizatçılara) ödənilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya hesabına Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təmin edilsin və bu məqsədlə hər il Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsinin hazırlanması çərçivəsində dotasiyanın həcmi müəyyən edilərkən subsidiyanın ödənilməsi xərcləri nəzərə alınacaq.
Bu Qərarın qüvvəyə mindiyi tarixdən 2022-ci il üzrə subsidiyanın ödənilməsi xərclərinin maliyyələşdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 5,0 (beş) milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtlərin razılaşdırılması barədə saziş imzalamalı, ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) görə Naxçıvan Muxtar Respublikasının büdcəsindən subsidiyanın verilməsi qaydalarını təsdiq etməli və bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Maliyyə Nazirliyinə müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.
Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.