Naxçıvan nümayəndə heyəti Ərzurum şəhərində işgüzar səfərdə olub - FOTOLAR
Cari ilin iyun ayında Türkiyə Respublikasının Şərqi Anadolu İxracatçılar Birliyinin nümayəndə heyətinin muxtar respublikaya səfəri zamanı əldə olunmuş razılığa əsasən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 4-6 sentyabr 2022-ci il tarixdə Türkiyənin Ərzurum şəhərində ikigünlük səfərdə olublar.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə İqdir şəhərində yerləşən Naxçıvan Ticarət Evini ziyarət edib. Ticarət Evi ilə tanışlıq zamanı burada sərgilənən məhsullar haqqında məlumat verilib, bölgənin ixrac imkanlarından bəhs edilib.
Səfərin növbəti günü nümayəndə heyəti Ərzurum şəhərində Birinci Orqanizə Sənaye Bölgəsində yerləşən Şərqi Anadolu İxracatçılar Birliyində olublar. Görüş zamanı Birliyin idarə heyətinin sədri Ethem Tanrıverdi çıxışında bölgələrimiz arasında əməkdaşlıq imkanlarına, reallaşdırılması mümkün olan layihələrə, ticarət əlaqələrinin artırılması sahəsində görülməsi zəruri olan işlərə dair fikirlərini bölüşüb.
Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu əməkdaşlıqda iqtisadi münasibətlər məxsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən mühüm tədbirlər, o cümlədən özəl sektora göstərilən dövlət qayğısı muxtar respublikada da çoxsaylı sahibkarlıq subyektlərinin yaradılması ilə nəticələnib. Hazırda yerli sahibkarlar tərəfindən müxtəlif ölkələrə Naxçıvan məhsulları ixrac edilir. Nazir İxracatçılar Birliyinin cari ilin iyun ayında muxtar respublikaya səfəri zamanı müsbət əməli nəticələrin olduğunu da vurğulayıb.
Hər iki tərəf gələcəkdə Zəngəzur Dəhlizinin işə salınmasının nəinki ölkələrimiz arasında, həmçinin bütün regionun inkişafında müsbət rol oynayacağını bildirib. Həmçinin görüş zamanı muxtar respublikadan saman, kəsilmiş ət məhsullarının, fermerlər tərəfindən tələbatdan artıq istehsal olunan mövsümi kənd təsərrüfatı məhsullarının Türkiyəyə ixracı imkanları müzakirə olunub.
Sonra iqtisadiyyat naziri Tapdıq Əliyev Ərzurum vilayətinin valisi Məmiş Okay, Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmen, Erzurum Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədr müavini Hüseyn Polat ilə ayrı ayrılıqda görüşüb. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişaf etdiyi, səfərin keçirilməsinin əhəmiyyəti vurğulanıb, Türkiyənin Ərzurum bölgəsi və Naxçıvan Muxtar Respublikası sahibkarlarının müxtəlif sahələr üzrə birgə layihələrinin həyata keçirilməsi təklif edilib.
Tapdıq Əliyev çıxışında muxtar respublikanın iqtisadiyyatı barədə məlumat verib, Türkiyə ilə iqtisadi əlaqələrin genişləndirilməsi, Naxçıvan məhsullarının bu bölgəyə ixracı üçün geniş imkanların olduğunu, Türkiyənin bölgədə yerləşən İğdir, Qars, Ərzurum və digər vilayətlərinin inkişafı üçün də töhfə verəcəyini qeyd edib, son dövrdə bu sahədə görülən işləri diqqətə çatdırıb.
Daha sonra Ərzurum Ticarət Birjasında görüş zamanı idarə heyətinin sədri Hakan Oral rəhbəri olduğu təşkilatın fermerlərə məhsullarının istehsalı və satışında göstərdikləri dəstək mexanizmləri haqqında məlumat verib. Görüş zamanı nazir Tapdıq Əliyev muxtar respublikada kifayət qədər saman, kəsilmiş ət və digər kənd təsərrüfatı məhsullarının istehsal olduğunu bildirib. Nazir qeyd edib ki, muxtar respublikanın ekoloji cəhətdən təmiz və təbii ərzaq məhsulları Türkiyə bazarında özünə etibarlı yer tuta bilər. Çalışmalıyıq ki, bu sahədə mövcud imkanlardan yetərincə istifadə edək.
Rəsmi görüşlərlə paralel olaraq işgüzar səfərdə iştirak edən muxtar respublikanın 16 sahibkarlıq subyektinin nümayəndəsi və Ailə Təsərrüfatları İctimai Birliyinin sədri Ərzurum şəhərində fəaliyyət göstərən 29 istehsal müəssisəsində istehsal prosesi ilə tanış olub, regionun ixrac potensialı barədə müzakirələr aparıb.