Ağdam-Füzuli yolunun inşası sürətlə davam edir - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.
AAYDA-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.
Uzunluğu 64.8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. I texniki dərəcəli olacaq yolda layihə üzrə 380 metr uzunluğunda istinad divarının inşası da aparılır.
Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26.5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir.
Artıq yolun 59.3-64.8-ci kilometrlik hissəsində yol əsasının tikintisi yekunlaşmaq üzrədir.
Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır.
Bundan başqa layihə üzrə nəzərdə tutulan yolun 0.2, 5.7, 37 və 63-cü kilometrlik hissəsində 4 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi işləri icra olunur.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun 2023-cü ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.