Muxtar respublikanın arıçılıq məhsulları arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkasında nümayiş olunur - FOTOLAR
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 1-dən etibarən Bakı şəhərində ənənəvi Arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sərgi-satışda Naxçıvan balının dadı, ətri və arıçılıq məhsullarını təqdim etmək üçün 230 kiloqram Naxçıvan balı, arı südü, mum, vərəmum, çiçək tozu və digər arıçılıq məhsulları, həmçinin ilk dəfə olaraq muxtar respublikada istehsal olunan arı yemi nümayiş olunur.
Qeyd edək ki, bu il keçirilən yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edir. Hər arıçı yarmarkada maksimum 400 kiloqram bal və 30 ədəd arı şanı satışa çıxarıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq bütün məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.
Sərgi-satış oktyabrın 20-dək davam edəcək.