“Nikkei” qəzeti: Azərbaycan Avropaya qaz kəmərinin buraxılış gücünü iki dəfə artırır

A- A A+

Yaponiyanın iqtisadi dairələrində geniş nüfuza malik olan “Nikkei” qəzeti Azərbaycanın Avropaya qaz kəmərinin buraxılışını iki dəfə artıracağı barədə xüsusi məqalə yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yapon dilində yazılan məqalənin müəllifi qəzetin İstanbul müxbiri Momoko Kiteradır. Müəllif qeyd edir ki, Xəzər dənizinin sahillərində yerləşən və zəngin təbii ehtiyatlara malik olan Azərbaycan Avropaya qaz kəmərinin buraxılış gücünü iki dəfə artıracaq. Bu barədə oktyabrın 6-da tranzit ölkə olan Türkiyə ilə razılıq əldə edilib.

Məqalədə xatırladılır ki, Yunanıstan və Bolqarıstan arasında qazın nəql olunduğu kəmər cari ayın əvvəllərində istifadəyə verilib. Qeyd edilir ki, Avropa bununla qaz təchizatı xəttini şaxələndirməyi və qaz təchizatında bir ölkədən asılılığı aradan qaldırmağa çalışır.

Bildirilir ki, əldə edilmiş razılaşmaya əsasən, Türkiyə ərazisindən keçən qaz kəmərinin gücünün iki dəfə artırılaraq ildə 16 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu barədə oktyabrın 6-da Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməzin məlumat verdiyi qeyd edilir.

Məqalədə 2020-ci ilin sonlarında Azərbaycan qazını Yunanıstana və İtaliyaya çatdıran Cənub Qaz dəhlizinin kommersiya fəaliyyətinə başladığı xatırladılır. Cari il oktyabrın 1-də kəmərin Yunanıstana və Bolqarıstana ildə 1 milyard kubmetr qaz çatdıran yeni qolunun istifadəyə verildiyi bildirilir.

Avropa komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin sözləri sitat gətirilir: “Bu kəmər Bolqarıstan və Avropa üçün oyunun şərtlərini dəyişəcək”.

Məqalədə cari ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında qaz təchizatının illik ötürülmə gücünün 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması barədə də razılaşma əldə olunduğu qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri sitat gətirilir: “Biz, həmçinin bir neçə yeni qaz yatağında da hasilata başlayacağıq”.

Məqalədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Azərbaycandan Avropaya qaz təchizatının 2022-ci ildə 12 milyard kubmetrə çatdırılacağı barədə fikirlərinə yer verilir və bunun 2021-ci il göstəricisindən 31 faiz çox olduğu vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: