Ötən 9 ayda muxtar respublikada 313 elektron imza sertifikatı verilib

A- A A+

Elektron hökumətin əsas atributlarından sayılan elektron imza muxtar respublikada uğurla tətbiq edilməkdədir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, 2022-ci ilin doqquz ayı ərzində 12 vətəndaş, 44 sahibkar, 34 hüquqi şəxs, 223-ü isə dövlət qurumu olmaqla, ümumilikdə 313 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.

Elektron imza elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir. Yəni hər hansı bir elektron xidmətdən istifadə edərkən, imeyl göndərərkən, elektron hökumət portalında qeydiyyatdan keçərkən vətəndaş öz elektron imza sertifikatı ilə kimliyini təsdiq edir, sistem onu eyniləşdirir və virtual mühitdə istədiyi əməliyyatı aparmağa imkan verir. Virtual məkanda şəxsiyyətimizi təsdiq edən elektron sənəd- elektron imzadan istifadə qaydaları haqqında ətraflı məlumatları rabite.nmr.az internet səhifəsindən əldə etmək olar.

Vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsini və vətəndaş-hökumət arasında elektron informasiya münasibətlərini təmin edən elektron imzadan bütün vətəndaşlar, dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər.

İmzanı almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün hüquqi şəxslər 72 AZN, dövlət qurumlarında çalışanlar 58 AZN, sahibkarlar 36 AZN, sadə vətəndaşlar isə 18 AZN dövlət rüsumu ödəməlidir.

Qeyd edək ki, elektron imzanın istifadə müddəti 3 ildir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: