Mədəniyyət sahəsində çalışan 18 mühasib təlimə cəlb olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktiki əsasları” mövzusunda ikigünlük təlim keçirilib.
Muxtar respublikanın mədəniyyət sahəsində fəaliyyət göstərən 18 maliyyə-mühasibatlıq işçisinin cəlb olunduğu təlimdə mərkəzin direktoru Mehriban İmanova bildirib ki, təlimin məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılmasıdır.
Təlimin ilk günü “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” modulu ətrafında maliyyə hesabatının müəssisənin mühasibat uçotu prosesinin son məhsulu və uçot informasiyalarının işlənməsinin son mərhələsi olduğu bildirilib, maliyyə hesabatlarının məqsədi, elementləri, istifadəçiləri və növləri barədə məlumat verilib. Həmçinin müxtəlif təsərrüfat əməliyyatlarının mühasibat hesablarında qeyd olunmasının elmi əsasları izah edilərək sınaq balansının tərtib olunması qaydaları və mövzuya uyğun digər məlumatlar diqqətə çatdırılıb.
Növbəti gün “Maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” modulu ətrafında beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanma mərhələləri haqqında məlumat verilib və müvafiq praktiki tapşırıqlar yerinə yetirilib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Mövzuların mənimsənilmə dərəcəsini müəyyən etmək məqsədilə iştirakçılar test mərhələsinə cəlb ediliblər.
Qiymətləndirmənin yekun nəticələrinə əsasən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
Hafizə Əliyeva