Oktyabrın 8-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə gündəliyə ikinci oxunuşla əlaqədar olaraq 8 məsələnin daxil olduğunu deyib. Bildirilib ki, bu dəyişikliklərin əhəmiyyətli hissəsi bankların fəaliyyəti ilə bağlıdır. “Prezident İlham Əliyev oktyabrın 4-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Heç şübhəsiz ki, bu sənəd ölkədəki bankların fəaliyyətində ciddi dönüşün yaranmasına səbəb olacaq”,- deyə komitə sədri qeyd edib.
Z.Səmədzadə söyləyib ki, bu gün nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi bankların real sektora dəstəyini artırmaq, bürokratik əngəlləri aradan qaldırmaqdır. Eləcə də digər qanun layihələri qanunların səmərəliliyinin artırılması və icra mexanizminin təkmilləşdirilməsini nəzərdə tutur.
Qeyd edilib ki, Vergi və Gömrük məcəllələrində edilməsi nəzərdə tutulan dəyişikliklər "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanununun icrası məqsədilə hazırlanıb.
Mülki Məcəlləyə "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanının 9.2-ci bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bir sıra dəyişikliklər ediləcək. Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəalarının hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında bəzi ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər bankın Audit Komitəsinin üzvü ola bilməz. Qanuna, həmçinin bir sıra texniki dəyişikliklərin edilməsi də nəzərdə tutulur.
"İpoteka haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunmasını, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notarial qaydada təsdiqlənməsini və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.
Mülki Məcəlləyə edilməsi nəzərdə tutulan dəyişiklik daha çox dəqiqləşdirmə məqsədi daşıyır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu Mülki Məcəllənin digər qanunverici aktlarla müqayisədə mülki münasibətlərin tənzimləməsində üstünlük hüququnu müəyyənləşdirir. Üstünlük hüququnun qorunması məqsədi ilə hazırlanmış qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanıb. Hesab edilir ki, həm beynəlxalq təcrübə, həm Mülki Məcəllə, həm də mövcud yanaşma nəzərə alınaraq audit komitəsi müşahidə şurası tərəfindən yaradılmalıdır.
İclasda həmçinin "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Lotereyalar haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanunun layihələri ikinci oxunuşda müzakirə edilib.
Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər. Sonra bütün qanun layihələri ikinci oxunuşda plenar iclasa tövsiyə edilib.