Muxtar respublikada bu ilin əvvəlindən müxtəlif təyinatlı layihələrin maliyyələşdirilməsinə 6 milyon 794 min manat güzəştli kredit verilib - FOTOLAR

A- A A+

Naxçıvan Biznes Mərkəzində muxtar respublikada sahibkarlığın inkişafına dəstək olan Sahibkarlığın İnkişafı Fondu, bank və kredit təşkilatlarının təşəbbüsü ilə görüş keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlərdən danışıb.

Bildirilib ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən müxtəlif təyinatlı layihələrin maliyyələşdirilməsinə 6 milyon 794 min manat, o cümlədən kiçik və orta həcmli layihələrə 2 milyon 244 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 300-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb. Güzəştli kreditlərin 22,4 faizi aqrar sektora, 73,2 faizi sənaye məhsullarının istehsalı və 4,4 faizi isə xidmət sahələrinə yönəldilib.

Nazir diqqətə çatdırıb ki, 2016-cı ildən bu günədək müxtəlif layihələr üzrə 120 milyon 95 min manatdan çox investisiya təşviqi və təsdiqedici sənəd verilib, cari ilin 9 ayı ərzində yerli və xarici ölkələrdə keçirilən 20 biznes-forum, sərgi və konfransda dövlət dəstəyi ilə 70-dən artıq sahibkarlıq nümayəndəsinin iştirakı təmin edilib. Tapdıq Əliyev özəl sektorun inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

Tədbirdə “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında bankların rolu” mövzusunda çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev bildirib ki, sahibkarlarla bank sektoru arasında bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, 1 oktyabr tarixinə muxtar respublikada ümumi kredit qoyuluşunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 91 milyon 867 min manat artaraq 302 milyon 694 min manat təşkil edib ki, bunun da 104 milyon 96 min manatı təsərrüfat, ticarət və sahibkarlıq sahəsində verilmiş kreditlərin payına düşüb. Bunun isə 57,3 faizini və ya 59 milyon 684 min manatını Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş kreditlər təşkil edir. Cari ilin ötən dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bankların iqtisadiyyatı kreditləşdirməsi 29,2 % artaraq 213 milyon 22 min manata çatıb. Bu müddət ərzində sahibkarlığın inkişafına 36 milyon 960 min manatdan çox vəsait yönəldilib ki, bunun da 6 milyon 794 min manatını Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən kreditlər təşkil edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Novruz Novruzlu Fondun sahibkarlığın inkişafında mühüm maliyyə mexanizmlərindən olduğunu, kiçik və orta biznesin inkişafındakı rolunu vurğulayıb, həmçinin, Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydaları haqqında geniş məlumat verib.

"Naxçıvanbank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini İsa İsayev bildirib ki, bank tərəfindən kreditlər əkinçilik, heyvandarlıq, quşçuluq, arıçılıq və kənd təsərrüfatının digər sahələri üzrə 13 faiz dərəcəsilə 36 ay müddətinə, biznes kreditləri üzrə isə 15 faiz dərəcəsilə 48 ay müddətinə təklif olumaqdadır. "Naxçıvanbank" ASC həmçinin müvəkkil bank kimi öz müştərilərinə Sahibkarlığın İnkişaf Fondunun vəsaiti hesabına 2, 5 və 8 il müddətinə illik 5 faiz dərəcəsilə güzəştli sahibkarlıq kreditləri də verməkdədir.

Belə ki, 1 oktyabr 2022-ci il tarixə bankın kredit portfeli 171 milyon 970 min manat təşkil etməkdədir. Bu portfelin 88 milyon 342 min manatı sabibkarlq və biznes kreditlərinin  payına düşür. 2022-ci ilin 9 ayı ərzində "Naxçıvanbank" ASC tərəfindən sabibkarlıq və biznes kreditləri üzrə 28 milyon 141 min manat kredit verilib.

Diqqətə çatdırılıb ki, bu ilin əvvəlində bütün növ kənd təsərrüfatı kreditlərinin faiz dərəcəsi 15 faizdən 13 faizə endirilib, əlavə olaraq 8000 manatadək girov tələb etmədən sahibkarın gəlirlərinə uyğun kreditlər də təklif olunmaqdadır.

Sonda sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə edilib.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: