20 oktyabr Energetiklər Günüdür
Muxtar respublikada istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə “Energetiklər Günü” kimi qeyd edilir.
Azərbaycanda elektroenergetikanın inkişafına ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlanmış, enerji sisteminin sürətli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər görülmüşdür. Müstəqillik illərində də ölkəmizdə ulu öndərin rəhbərliyi ilə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu sahədə həyata keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da enerji təhlükəsizliyini təmin etmişdir. Xüsusilə son illər alternativ və bərpaolunan enerji mənbələri hesabına istifadəyə verilən elektrik stansiyaları tələbatın dayanıqlı şəkildə ödənilməsində və ixrac imkanlarının yaranmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, gücü 50 meqavat olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, derivasiya tipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat güclü Arpaçay-1 və 1,4 meqavat güclü Arpaçay-2 Su Elektrik stansiyaları, 20 meqavat gücündə Günəş Elektrik Stansiyası tikilib istifadəyə verilmiş, 2017-ci ildə gücü 2 meqavat artırılmış, 2019-cu ildə isə Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə yeni Günəş elektrik stansiyası qurulmuş, 2020-ci ildə həmin stansiyanın layihə gücü daha 3 meqavat artırılaraq 5 meqavata çatdırılmışdır. Bu da Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanda elektroenergetika sahəsində qəbul olunan dövlət proqramlarının icrası və yeni elektrik stansiyalarının tikilməsi sahəsində görülən işlərin tərkib hissəsidir. Artıq muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib. Ucuz enerji istehsal edən sahələrə üstünlük verməklə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırmaq və bu sahəni daha da müasirləşdirmək qarşıda duran əsas vəzifədir”.
Naxçıvanın Muxtar Respublikasının əlverişli iqlim şəraiti alternativ və bərpaolunan enerji mənbələrindən istifadə üçün geniş imkanlar açır. Bu sahədə görülən işlərin davamı olaraq 2021-ci ildə Şərur rayonunun Zeyvə kəndi ərazisində 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyası, Culfa rayonunun Gülüstan kəndi yaxınlığında 1,1 meqavat gücündə Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası istismara verilmiş, 2022-ci ilin may ayında Şərur Günəş Elektrik Stansiyasının layihə gücü 3 meqavat artırılaraq 8 meqavata çatdırılmışdır. Hazırda Şərur rayonunun Zeyvə kəndi ərazisində Şərur Günəş Elektrik Stansiyasının layihə gücünün daha 3 meqavat artırılması işləri aparılır. Culfa rayonunda isə 10 ədəd hər biri 30 kilovat gücü olan külək turbinlərinin quraşdırılması işləri başa çatdırılmışdır.
Araz çayı üzərində derivasiya tipli 32 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasında tikinti işləri davam etdirilir. Muxtar respublikanın ən böyük enerji mənbəyi olacaq Ordubad Su Elektrik Stansiyasında il ərzində 190 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir. Ordubad rayonu ərazisində Gilançayın Tivi qolu üzərində 15,6 meqavat güclü derivasiya tipli Tivi Su Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilir. Culfa rayonu ərazisində 3,75 meqavat güclü “Qazançı” Su Elektrik Stansiyasının tikilməsinin texniki-iqtisadi əsaslandırılması və layihə işləri hazırlanmışdır. Culfa rayonu ərazisində 132/110/35/10 kilovoltluq “Culfa” yarımstansiyasında yenidənqurma işləri davam etdirilir.
2022-ci ilin ötən 8 ayında muxtar respublika ərazisində 13 ədəd 10/0,4 kilovoltluq və 35/0,4 kilovoltluq yeni transformator yarımstansiyaları quraşdırılmış, 31 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmiş, 7,5 kilometr uzunluğunda 35 kilovolt və aşağı gərginlikli hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilmişdir.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial- iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikanın alternativ enerji mənbələri potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat və layihə axtarış işlərinin davam etdirilməsi diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasının külək enerji mənbələri və onlardan praktiki istifadə perspektivlərinin elmi surətdə öyrənilməsi məqsədilə Ordubad rayonu ərazisində küləyin sürəti və istiqamətinin qiymətini hesablamaq üçün məntəqələr quraşdırılmış və müşahidə işləri aparılmışdır. Günəş enerjisindən səmərəli istifadə əmsalının yüksəldilməsi, yeni günəş elektrik stansiyalarının layihələndirilməsi üçün muxtar respublika ərazisində yeni torpaq sahələrinin ayrılması istiqamətində işlər aparılmışdır.
Muxtar respublikada bütün istehlakçıların istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün rəqəmsal elektron sayğaclar qoyulmuş, istifadə olunmuş enerji haqqının sayğacların göstərişləri əsasında ödənilməsi təmin edilmişdir. Naxçıvan şəhərində, Şərur, Babək və Culfa rayon mərkəzlərində elektron sayğacların ön ödənişli smart kart tipli sayğaclarla əvəz edilməsi işləri aparılır.
Elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə reallaşdırılan tədbirlərin nəticəsidir ki, muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Ali Məclis Sədrinin müvafiq Sərəncamlarına əsasən Naxçıvan Dövlət Universitetində “Elektroenergetika mühəndisliyi”, Naxçıvan Dövlət Texniki Kollecinin “Elektrik təchizatı” ixtisaslarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Elektrik mütəxəssisi”, Təhsil Nazirliyi nəzdində Naxçıvan Şəhər Tədris Peşə Liseyində “Elektrik mütəxəssisi” kurslarının tədris sahəsi Energetika Xidmətinin hamiliyinə verilmişdir. Hamilik proqramı çərçivəsində tələbələrin və kursantların xidmətin struktur bölmələrində peşəkar təcrübəli mühəndis-texniki heyət tərəfindən təcrübi məşğələlərdə iştirakı təmin olunmuşdur. Naxçıvan Dövlət Universitetində “Energetika mühəndisliyi” və Naxçıvan Dövlət Texniki Kollecində “Elektrik təchizatı” ixtisasının tədrisi ilə əlaqədar texniki-təchizat məsələlələri həll edilmiş, o cümlədən təhsil müəssisələrinə xidmət tərəfindən lövhələr, təhlükəsizlik nişanları, müxtəlif gərginlikli elektrik qurğularında istifadə olunan əsas və əlavə mühafizə vasitələri verilmişdir. Təhsil ocaqlarından məzun olanlar xidmətin struktur bölmələrində müvafiq vakansiyalar üzrə daimi işlə təmin olunurlar. Ali və orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələrin layihələrinin (startapların) qəbulunu və təqdimatlarının keçirilməsini təmin etmək üçün xidmətin 15 aprel 2019-cu il tarixli əmri ilə ekspert qrupu və ictimai əsaslarla fəaliyyət göstərən mərkəz yaradılmış və xidmətin rəsmi internet saytında bununla bağlı müvafiq bölmə hazırlanmışdır.
Həyata keçirilən tədbirlər Naxçıvan energetikasının yeni və müasir mərhələyə qədəm qoymasını şərtləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.
Muxtar respublikanın energetikləri hərtərəfli dövlət qayğısından səmərəli istifadə edərək bundan sonra da əhalinin keyfiyyətli elektrik enerjisi ilə təminatı üçün səylərini əsirgəməyəcəklər.
Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Xidmətinin
mətbuat xidməti