Kəngərli rayonunda arıçılarla müşavirə keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Kəngərli rayonunda arıçılıq təsərrüfatı sahiblərinin iştirakı ilə “Payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması və arıxanaların qışlamaya hazırlanmasının əhəmiyyəti” mövzusunda müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq bu sahənin inkişafı dövlət tərəfindən daim dəstəklənərək sahibkarlara subsidiya, kredit, pulsuz arı dərmanları verilir. Arı ailələrinin köçürülməsi üçün ərazilər ayrılır, bal süzən dəzgahların və arı pətəklərinin lizinq yolu ilə sahibkarlara satılması, arıçılıq məhsullarının satışı üçün təşkil olunan “Arıçılıq məhsulları – bal festival”ları və yarmarkalar arıçılıqla məşğul olan sahibkarlara stimul verir.

“Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Etibar Məmmədov, Dövlət Baytarlıq Xidmətinin sektor müdiri Fariz Şıxəliyev və tədbirdə iştirak edən digər dövlət qurumlarının əməkdaşları  arıçılıqda məhsuldarlığın artırılmasında vacib mənbələrdən biri kimi arı ailələrinin payızda qışlamaya hazırlanması işinin düzgün təşkili və arıxanalarda cavan arı analarının olmasının əhəmiyyətindən danışıblar.

Sonda təsərrüfatçıları maraqlandıran suallar cavablandırılıb, mütəxəssislər tərəfindən hazırlanan maarifləndirici bukletlər müşavirə iştirakçılarına paylanıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: