Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilir ki, idxal istiqamətində gətirilən, qazla və elektriklə işləyən məişət avadanlıqlarının, qaz sobaları üçün rezin boruların və ehtiyat hissələrinin standartlara uyğunluğu yoxlanılmaqla buraxılışına icazə verilir.
Qanunvericiliyə əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçirilməlidir. Uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır. Elektrik və qazla işləyən qızdırıcı cihazların fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün gətirilməsi hallarında da qanunvericiliyin tələblərinə riayət olunmalıdır. Cari ildə ümumilikdə 360 ədəd qazla işləyən məişət avadanlığı standartlara cavab vermədiyindən muxtar respublika ərazisinə buraxılmayıb. Həmçinin aidiyyəti dövlət orqanları ilə birgə Naxçıvan şəhərində, Culfa, Ordubad, Şərur, Kəngərli, Sədərək, Babək və Şahbuz rayonlarında ümumilikdə 142 ticarət obyektinə baxış keçirilib, satışa çıxarılmış qaz sobalarının, o cümlədən qazla və elektriklə işləyən digər məişət avadanlıqlarının standartlara uyğun olub-olmaması yoxlanılıb.
Qeyd edək ki, muxtar respublikada əhalinin rahat və təhlükəsiz həyat şəraitinin təmin olunması məqsədilə kütləvi informasiya vasitələrində, gömrük-keçid məntəqələrində quraşdırılmış elektron lövhələr vasitəsilə, eləcə də fərdi olaraq fiziki və hüquqi şəxslərlə maarifləndirmə işi aparılır. Gömrük orqanlarının haqlı tələblərinin narazılıqla qarşılanmaması üçün standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinə məhdudiyyətlərin hüquqi əsası izah olunur.
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, təhlükəsizliyin təmin edilməsi və istehlakçılarının hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə standartlara uyğun olmayan elektrik və qaz cihazları muxtar respublikaya buraxılmır. Xaricdən gətirilən bu tip cihazların buraxılışına Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yoxlamadan keçirildikdən sonra icazə verilir. Gömrük orqanları standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının idxalına yol verilməməsi, muxtar respublikamızda rahat və təhlükəsiz həyatın təmin olunması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.