NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunda bir sıra bələdiyyələrə torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənmiş kartoqramlar təqdim edilib.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Osman Cəlil rayonun coğrafi mövqeyinin kənd təsərrüfatı məhsulları istehsalındakı rolundan, aqrar sahədə, eləcə də torpaqların münbitliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərdən və muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısından danışıb.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Oqtay Məmmədov və "Araz Elm" İstehsalat Birliyinin əməkdaşı Nadir Quliyev məhsuldarlığın artırılmasında torpaqların qida maddələri ilə təmin olunmasının əhəmiyyəti, münbitliyin artırılması yolları, əkinlərin atlaslara uyğun aparılması, növbəli əkin sistemindən və gübrələrdən düzgün istifadənin məhsuldarlıqda rolu, torpaq analizlərinin aparılması, kartoqramların əhəmiyyəti və istifadə qaydaları barədə ətraflı məlumat veriblər.
Tədbirdə Dizə, Axura və Həmzəli kənd bələdiyyələrinin sədrlərinə torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənmiş kartoqramlar təqdim edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bukletlər təqdim olunub.
Mahmud Hüseynov