Muxtar respublikada sığorta-pensiya sisteminin müasir çağırışlara uyğun qurulması, yeni texnologiyaların imkanlarından istifadə olunaraq pensiya təyinatı və ödənişlərin həyata keçirilməsi diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikada əmək pensiyalarının düzgün hesablanması və qanunsuz pensiya ödənişlərinin qarşısının alınması üçün müasir proqram təminatı olan “Pensiya təyinatı” altsistemi qurulur. Artıq rəqəmsal texnologiyalar üzrə mütəxəssislər tərəfindən “Pensiya təyinatı” altsisteminin proqram təminatının yaradılması başa çatdırılıb və muxtar respublikada fəaliyyətdə olan pensiya işlərinin altsistemə daxil edilməsinə başlanılıb. Pensiya qanunvericiliyi ilə pensiyaların maliyyələşdirilməsini özündə birləşdirən bu sistem əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növündən başqa növünə keçirilməsini, əmək pensiyalarının ödənişinin həyata keçirilməsini, əmək pensiyaçıları haqqında məlumatların qeyd edilməsini və digər bu kimi əməliyyatları avtomatik qaydada həyata keçirir. Sistemə şəxsə aid müvafiq parametrlər daxil edildikdə müvafiq orqanların məlumatlar bazasından şəxsin məlumatları sistemə düşür. Belə ki, əmək pensiyası təyin olunması üçün müraciət etmiş və ya pensiya təyin olunmuş şəxslərin fərdi identifikasiya nömrəsini daxil etdikdə onun adı, soyadı, atasının adı, doğum tarixi, vətəndaşlığı, qeydiyyat ünvanı, sosial sığorta stajının aylar və illər üzrə məlumatları əldə ediləcəkdir. Bundan başqa, müraciət edən şəxsin ilkin müraciət tarixi, təyinat aparılması ilə bağlı ilkin qərar tarixi, pensiyanın növü, pensiyaçının şəxsi hesab nömrəsi və pensiya hüququnun yaranma tarixi göstəriləcəkdir. Şəxsin sağlamlıq imkanları məhdudluğu barədə, işləyib-işləməməsi ilə bağlı məlumat, eyni zamanda pensiya təyin olunmuş ailə başçısını itirən şəxslərə aid zəruri məlumatlar ayrı-ayrılıqda sistemdə öz əksini tapacaqdır. Əmək pensiyaçısı vəfat etdikdə, sağlamlıq imkanları məhdudluğunun müddəti bitdikdə, ailə başçısını itirməyə görə pensiya alan pensiyaçının dul arvadı və yaxud əri yeni nikah bağladıqda, ailə başçısının övladları müvafiq yaş həddinə çatdıqda və digər bu kimi hallar yarandıqda pensiyanın verilməsi avtomatik qaydada dayandırılacaqdır. Qanunvericiliklə vətəndaşın güzəştli şərtlərlə və ümumi qaydada pensiya hüququ yoxdursa, sistem ona əmək pensiyası təyin etməyəcəkdir. Həmçinin vətəndaşın bir neçə il öncə pensiya hüququ yaranıbsa, sistem ona həmin tarixdən pensiya təyin edərək ödəniş verəcəkdir. Proqram təminatının ən üstün xüsusiyyəti budur ki, hansı dövrdə pensiya qanunvericiliyində pensiya hüququnun yaranma şərti necə olubdursa, həmin qaydalar üzrə şəxsə pensiya təyin edəcək və indiki tələblərə uyğun tənzimləyəcəkdir. Qeydiyyat ünvanı dəyişən pensiyaçıların pensiya hesablarının yeni ünvana köçürülməsi də bu sistem vasitəsilə təmin ediləcəkdir.
Sistemdə pensiya ödənişlərinin ediləcəyi banklarla işin qurulması, dəfn xərcinin ödənişi, plastik kartların sifarişi, həmçinin ödənişlərin aparılması üçün tələbatın hazırlanması həyata keçiriləcəkdir. Bundan başqa, əmək pensiyasının sığorta hissəsinin ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi, minimum pensiyanın artırılması da yeni sistem vasitəsilə əlavə vaxt sərf olunmadan qısa müddət ərzində yerinə yetiriləcəkdir. Qeyd olunan bütün funksiyalar, yəni pensiya təminatı üçün müvafiq qərarların verilməsi, eləcə də sərəncamların qəbul olunması fondun pensiya təyin edən komissiyaları tərəfindən elektron imza vasitəsilə icra olunacaqdır. Bu sistem bütün növ əmək pensiyalarının qanunvericiliyə uyğun təyinatını və ödənişini tam dəqiqliklə yerinə yetirməklə yanaşı, həm də sığortaolunanların pensiya hüququ yarandıqda sənəd toplamasına əlavə vaxt itkisinin qarşısını alacaqdır.
“Pensiya təyinatı” altsistemi qanunvericiliyin tələblərinə əsasən, əmək pensiyasının növlərinə uyğun olaraq əmək pensiyası təyin edilmiş şəxslərin statistik hesabatlarının hazırlanması və təhlillər aparılmasını təmin etmək baxımından da mühüm əhəmiyyətə malikdir.
Qeyd edək ki, fond tərəfindən “Pensiya təyinatı” altsisteminin həyata keçirilməsi üçün təhlükəsizliyi təmin edən, şəbəkədə cihazları birləşdirən, serverlərin elektrik kəsintisi olmadan öz fəaliyyətini icra etdirməsi üçün ən müasir avadanlıqlar artıq alınıb. Hazırda fiber-optik xətlər vasitəsilə Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi-Fond-Fondun şəhər, rayon idarə və şöbələri arasında şəbəkənin qurulması işi davam etməkdədir.
Qeyd edək ki, muxtar respublikada əmək pensiyaçılarının pensiya işləri mərkəzi arxivə yığılıb, ödənişdə olan və olmayan 79 min pensiya işinin inventarizasiyası aparılıb və proqram təminatı hazırlanaraq elektron qaydada arxivləşdirilib.