Qətərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qətər Ticarət və Sənaye Palatası arasında Azərbaycan–Qətər Birgə Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb.
KOBİA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Əli Bin Əbdüllətif Əl Mesned imzalayıblar. Azərbaycan-Qətər Biznes Şurası ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının ümumi vəziyyəti və gələcək istiqamətlərinin müzakirə ediləcəyi, sahibkarlar arasında əlaqələrin təşviq olunacağı platforma olacaq. Biznes Şurası tərəfindən Azərbaycan və Qətər arasında ikitərəfli ticarət-iqtisadi əlaqələrin daha da inkişafı məqsədilə sahibkarların təşəbbüsləri dəstəklənəcək, bizneslər, o cümlədən KOB-lar arasında birbaşa əməkdaşlığın qurulmasına kömək ediləcək, sahibkarların qarşılıqlı səfərləri, görüşləri, birgə seminarlar və dəyirmi masalar təşkil olunacaq, iqtisadi münasibətlərin inkişafı üçün faydalı olacaq kommersiya, ticarət, iqtisadi, elmi, texnoloji və digər məlumatların mübadiləsi həyata keçiriləcək, birgə müəssisələrin və digər qarşılıqlı əməkdaşlıq formalarının yaradılmasına və fəaliyyətinə dəstək göstəriləcək.