Naxçıvan Biznes Mərkəzində Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqında məlumat verib. Naxçıvanın əsasən makroiqtisadi göstəricilərini diqqətə çatdıran nazir qeyd edib ki, bu gün muxtar respublikada 1136 kiçik və iri istehsal sahələri fəaliyyət göstərir. Bunlardan 497-si sənaye, 639-u kənd təsərrüfatı təyinatlı sahələrdir. Bu müəssisələrdə 384 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi məhz iqtisadiyyatın diversifikasiyası, sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub. Muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri isə 27,1 faizlik payla sənaye sahəsi tutur.
Vurğulanıb ki, Naxçıvanda sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, əhalinin məşğulluğunun artırılması məqsədi ilə yaradılan Şərur Sənaye Məhəlləsi muxtar respublikada sənayeləşmə siyasətinin əsas prioritetlərindəndir.
Tapdıq Əliyev bu görüşün muxtar respublika ilə Avropa İttifaqı ölkələri arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanda Avropa İttifaqının daimi nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko çıxış edərək Avropa İttifaqı üçün Azərbaycanın xüsusi ticari tərəfdaş və güclü bazar olduğunu bildirib. Qeyd olunub ki, biz bu iqtisadi imkanları daha da gücləndirə, inkişaf etdirə və ixracı daha da artıra bilərik. Avropa İttifaqı bu iqtisadi islahatlarda Azərbaycanın yanındadır.
Səfir onu da əlavə edib ki, orta və kiçik biznes vahidlərinin Azərbaycanda dəstəklənməsi də prioritetlər sırasındadır. Buna qlobal şəkildə nail olmaq mümkündür. Çünki burada müxtəlif ölkələrin şirkətləri, Avropa İttifaqı ölkələri təmsil olunurlar. Onların əksəriyyəti Naxçıvanla çalışmağa hazırdır. Məqsəd odur ki, qarşılıqlı əməkdaşlıq inkişaf etdirilsin. Peter Mixalko qeyd edib ki, Naxçıvanda qeyri-neft sektoru inkişaf edib və etməkdədir. Bundan sonrakı mərhələdə Naxçıvanda istehsal olunan məhsulların ixrac imkanlarını daha da genişləndirmək əsas hədəfdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək muxtar respublikanın enerji resursları, alternativ enerji mənbələrindən istifadə ilə bağlı məlumat verib. Qeyd edib ki, ötən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması bu vacib sektorun inkişafına böyük əngəllər yaratsa da, enerji təhlükəsizliyi ilə bağlı görülən işlər bu sahənin hərtərəfli inkişafına zəmin yaradıb. Nəticədə bu gün Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi təminatı ilə yanaşı, ixrac potensialı da yaranıb. Bu gün muxtar respublikanın elektrik enerjisi təminatının 50%-ə yaxını bərpaolunan və alternativ enerji mənbələri hesabına ödənilir.
Namiq Paşayev diqqətə çatdırıb ki, muxtar respublikadakı 12 elektrik stansiyasından 10-u alternativ və bərpaolunan enerji resursları hesabına fəaliyyət göstərir. Bu elektrik stansiyalarından 11-i müstəqillik illərində tikilib istismara verilib.
Namiq Paşayev görüşün Avropa İttifaqı ölkələrinin elektroenergetika sahəsində aparıcı şirkətləri ilə əməkdaşlığa geniş imkanlar açdığını vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyalarının qurulması sahəsində fəaliyyət göstərən Avropa şirkəti olan “Pure Energy Development”in icraçı direktoru Mişel Kalerami çıxış edib.
Avropa Yenidənqurma və İnkişaf Bankının enerji layihələri üzrə meneceri Fuad İbrahimov təmsil etdiyi bankın fəaliyyəti və maliyyə dəstəkləri haqqında məlumat verib.
Azərbaycanda Avropa İttifaqı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boşkov ittifaqın proqramları haqqında danışıb.
Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın müasir istehsal və xidmət sahələri ilə tanış olublar. Avropalı diplomatlar yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, avtomobil sənayesi və digər sahələrin məhsulları ilə maraqlanıblar. Mərkəzdə sərgilənən yerli içkilər, xüsusilə şərab növləri və Naxçıvanın mətbəx nümunələri qonaqların maraq dairəsində olub.
Səfər çərçivəsində qonaqlar Naxçıvan Günəş Elektrik Stansiyası, “Badamlı” Mineral Sular Zavodu və "Gəmiqaya Şərab Məhsulları" MMC-nin istehsal imkanları ilə tanış olublar.
Avropa İttifaqının nümayəndə heyətinin Naxçıvana işgüzar səfəri davam edir.
Gülməmməd Əliyev