“Hazır mühasib – Naxçıvan” layihəsinə yekun vurulub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi, eyni zamanda İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşkilatçılığı ilə “Hazır mühasib – Naxçıvan” layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin əməkdaşları, büdcə və kommersiya təşkilatlarının mühasibləri və tələbələr iştirak edib.

Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova layihə barədə məlumat verərək bildirib ki, xarici bazarlara çıxış müəssisədən öz maliyyə təsərrüfat fəaliyyətini beynəlxalq standartlara uyğun qurmağı tələb edir. “Hazır mühasib – Naxçıvan” layihəsinin məqsədi də muxtar respublikada kadr hazırlığı və gənclərin karyera quruculuğuna dəstək olmaqdır. Ödənişsiz qaydada onlayn təşkil olunan 6 aylıq kursda mütəmadi olaraq aralıq və final imtahanları keçirilib, iştirakçıların layihədə əldə etdiyi biliklər qiymətləndirilib.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev təmsil etdiyi mərkəz barədə geniş məlumat verib. Qeyd olunub ki, layihədə iştirak edən tələbə və gənclərə beynəlxalq standartlara uyğun maliyyə hesabatlarını təqdim etmək, beynəlxalq mühasibat uçotu ilə vergi uçotu arasında olan fərqləri öyrətmək  onların nəzəri və praktiki biliklərinin artırılması üçün vacibdir.

Radil Fətullayev müəllifi olduğu tədris vəsaitlərini Maliyyə Tədris Mərkəzinə hədiyyə edib.

Sonra hər iki mərkəzin  tanıtım videoçarxları izlənilib.

İştirakçılardan Şamxal İbrahimov, Nail Mustafazadə və Fatimə Rzayeva çıxış edərək layihənin təşkilinə görə minnətdarlıq ediblər.

Yekun imtahanın nəticələrinə görə, iştirakçılara hər iki mərkəz tərəfindən imzalanan “Müvəffəqiyyətə”, “Fərqlənməyə” və “İştiraka görə” sertifikatlar təqdim olunub.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayevə Naxçıvan Muxtar Respublikasında mühasibat uçotu sahəsində kadr hazırlığına verdiyi dəstəyə görə təşəkkürnamə təqdim edilib.

                                                                         Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: