Milli Məclis 2023-cü il dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib

A- A A+

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiq edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 16-dan 18-dək keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 29 963 720,0 min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 530 714,0 min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində müəyyən edilir.

Qeyd edək ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirlərinin 30 720 700,0 min manat müəyyənləşdirilməsi ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Qanun layihəsində ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən (SVOP əməliyyatları istisna olmaqla) dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Sənədin 5-ci maddəsinə əsasən, 2023-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri 2023-cü il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid edilənlərdən başqa) gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarının gəlirləri (tam həcmdə) hesabına müəyyən edilir.

Bu Qanunun 9-cu maddəsi ilə 2023-cü il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.

Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 13 402 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 129 900 000,0 manat, yerli xərclər 769 286 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 12 515 120 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 12 306 000,0 manat məbləğində müəyyənləşdirilir.

Bu Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş yerli xərclərin maliyyələşdirilməsi məqsədilə şəhər və rayonların gəlirləri, həmçinin yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayırır.

Qanun layihəsinin 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 300 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 000,0 min manat təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 000 000,0 min manat məbləğində müəyyənləşdirilir.

təsdiq edilsin.

Dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.

Sənəddə 14-cü maddəyə uyğun olaraq dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 579 300,0 min manat məbləğində müəyyən edilir. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2023-cü il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının 2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 37 949 346,5 min manat müəyyən edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2023-cü il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 13 934 535,0 min manat məbləğində müəyyən edilir.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış planının təmin edilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün dövlət büdcəsindən 3,0 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsində 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.

2023-cü ilin dövlət büdcəsi də sosialyönümlü olaraq proqnozlaşdırılıb və bunun üçün büdcədən 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,2 faiz çoxdur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: