Gömrük Məcəlləsində edilən dəyişikliyə əsasən malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi malların gömrük sərhəd buraxılış məntəqələrindən buraxılışının, xüsusilə gömrük dəyərinin müəyyən edilməsi zərurəti ilə əlaqədar buraxılışının təkmilləşdirilməsi, bu sahədə gömrük orqanlarının öhdəliklərinin gücləndirilməsi, nəticədə malların daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb. Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir.