Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur.
Maliyyə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Komissiyanın sədri, nazir Samir Şərifov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim xüsusi diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənzillə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməkdə olduğunu deyib. Bildirilib ki, bu tədbirlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır. Ötən müddət ərzində Silahlı Qüvvələrin yüzlərlə hərbi qulluqçusu dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunub.
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında hazırda mənzil növbəsində olan 478 nəfər hərbi qulluqçunun Bakı şəhərində və Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərlə təmin olunması barədə qərarlar qəbul edilib. Qeyd olunub ki, onlardan 20 nəfəri şəhid olmuş hərbi qulluqçuların ailələridir.
Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının həyata keçirilməsi sayəsində bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 2686 nəfər hərbi qulluqçu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə 26 şəhid olmuş hərbi qulluqçu ailəsi mənzillərlə təmin olunub.
İclasda, həmçinin Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 942 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb və beləliklə, mənzil növbəsində duran hərbi qulluqçuların ümumi sayı 2302 nəfərə çatıb.