2027-ci ilədək dünyada bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünün 2400 qiqavat artaraq, 5650 qiqavata çatacağı proqnozlaşdırılır. Bu göstərici son 20 ildəki artıma bərabərdir.
NUHÇIXAN İnformasiya Agentliyi Beynəlxalq Enerji Agentliyinin (IEA) “Bərpa olunan enerji 2022” hesabatına istinadən xəbər verir ki, proqnozlaşdırılan artıma görə liderlər sıralamasında birinci yerdə Çin (1070 qiqavat) daha sonra Avropa (425 qiqavat), ABŞ (280 qiqavat) və Hindistan (145 qiqavat) yer alır.
Qlobal elektrik enerjisinin qoyuluş gücündəki artımın 90 faizi “yaşıl enerji” mənbələri hesabına reallaşacaq. 2025-ci ildə “yaşıl enerji”nin kömürü geridə qoyaraq ən böyük elektrik enerjisi mənbəyi olacağı bildirilir.
2027-ci ilə qədər proqnozlaşdırılan artımın 60 faizi günəş enerjisi hesabına həyata keçiriləcək. Bu nəhəng mənbə üzrə qoyuluş gücünün 2027-ci ildə 1500 qiaqavat artaraq 2350 qiqavata çatacağı, 2026-cı ildə təbii qazı, 2027-ci ildə kömürü geridə qoyacağı qeyd edilir. Külək enerjisinin qoyuluş gücü təxminən iki qat artacaq. Quruda külək enerjisi gücü 570 qiqavat artarkən, dənizdə külək enerjisi gücü bərpaolunan enerji mənbələrinin qoyuluş gücündəki ümumi artımın 20 faizini təşkil edəcək.
Günəş və külək enerjisindəki artım nəticəsində hidroenerjinin ən böyük üçüncü bərpaolunan enerji mənbəyi olaraq geriləyəcəyi gözlənilir.