“Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində 2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müxtəlif uzunluqlara malik 2 və 4 hərəkət zolaqlı 12 küçə inşa edilib.
Ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 metrə yaxın dərinlikdə qazılaraq çıxarılıb və uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materialından yol geyiminin əsası inşa olunub.
AAYDA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ümumilikdə 2022-ci ildə 820 min kubmetr yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb və əvəzinə 680 min kubmetr yararlı karxana materialından geri dolğu işləri görülərək yeni yol yatağı inşa edilib, zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib.
Layihəyə uyğun daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası aparılıb. Küçələrdə 55 min kvadratmetr piyada səkisi inşa olunub, üzərlərinə 85 min kvadratmetr tamet daşı döşənib. Səki və yol ayrıcının kənarlarına ümumilikdə 25 min paqonmetr qranit-mərmər səki daşı düzülüb. Bundan başqa, yolların kənarlarında (səkilərdə) 650 ədəd müxtəlif növ ağac əkilib. Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 310 yol işıqlandırma dirəyi quraşdırılıb.
Küçələr boyu 76 min kvadratmetr sahədə üç laydan ibarət 27 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Xatırladaq ki, bu günə qədər Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində ümumi uzunluğu 15 min 130 metr olan 43 küçə inşa edilərək təhvil verilib.
Ümumilikdə layihə çərçivəsində 1-ci mərhələdə Ağ Şəhərdə ümumi uzunluğu 22,4 kilometr, eni isə 16 metrdən 47 metrə kimi dəyişən 63 çoxsaylı kəsişən küçələr inşa edilməlidir. Küçələr hər birinin eni 3,5 metr olmaqla 2,4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 metr olmaqla müxtəlif ölçüdədir.