"Naxçıvanın Türkiyə və İranla sərhədinin olması iş adamları, ticarətimiz və iqtisadiyyatımız üçün əlavə imkanlar açır və biz bu imkanlardan tam istifadə etmək niyyətindəyik".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai TV-yə müsahibəsində deyib.
Bununla yanaşı, onun sözlərinə görə, Naxçıvanın özünün daxili fəaliyyətindən əldə edilə bilən gəlirlilik səviyyəsi, yeni müəssisələrin yaradılması potensialı kifayət qədər yüksəkdir.
"Yanvar ayında Naxçıvanda fəaliyyət göstərən və yaşayan sahibkarların, eyni zamanda burda fəaliyyət göstərməkdə maraqlı olan iş adamlarının və aidiyyəti dövlət qurumları ilə birgə 1 günlük xüsusi tədbir keçiriləcək.
Bu tədbirdə həm mövcud imkanların diaqnostikası və təqdim edilməsi, həm sahibkarların qarşılaşdığı çətinliklər, həm mövcud imkanlar və gələcəkdə, xüsusən Naxçıvanda tətbiq edilə biləcək dəstək alətləri barədə fikir mübadiləsi aparılacaq və onun əsasında fəaliyyət planının həyata keçirilməsində maraqlıyıq", - M.Cabbarov bildirib.