Naxçıvanda sahibkarlığın inkişafı üçün daha böyük perspektivlər yaradılır - VİDEO
Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyi daha da artırılacaq. Bu da muxtar respublikaya sahibkarların daha çox maraq göstərməsinə, investorların cəlbinə münbit şərait yaradacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun imkanlarından istifadə edilir. Fondun əsas fəaliyyət istiqaməti muxtar respublikada sahibkarlığın inkişafına maliyyə dəstəyi vermək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin ödənilməsini təmin etmək, iş adamlarının səmərəli biznes layihələrini reallaşdırmasına yardımçı olmaqdır.
Qeyd edək ki, fond tərəfindən yeni ailə təsərrüfatlarının yaradılmasına dəstək, onların fəaliyyətinin stimullaşdırılması və istehsal sahələrinin genişləndirilməsi məqsədilə daha geniş imkanlar yaradılacaq. Bu da muxtar respublikada sahibkarlığa daha çox maraq göstərilməsinə, investorların cəlbinə geniş şərait yaradacaq.
Ötən il fond tərəfindən 96 ailə təsərrüfatına 1 milyon 441 min 100 manat maliyyə dəstəyi göstərilib. Bu dövrdə sahibkarlara 7 milyon 184 min 600 manat güzəştli kredit verilib. İl ərzində verilmiş kreditlərin iqtisadi səmərəliliyi araşdırılıb, monitorinqlər keçirilib, kreditlərin ödəmə müddətləri və vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə işləri aparılır. Bu ildən isə iqtisadiyyatın şaxələndirilməsi məqsədilə daha geniş kapitalın ayrılması planlaşdırılır.
Adilə Səfərova