Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Qanuna və Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, “Gömrük tarifi haqqında” qanuna əsasən, malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışı təmin olunacaq.
Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir. Başqa sözlə, qanuna əsasən, bəyannaməçinin malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına müraciəti daxil olduqda həmin müraciətə onun daxil olduğu vaxtdan 1 gün müddətində baxılır və aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilir:
- gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;
- gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə bu Gömrük Məcəlləsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verilməli;
- bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün bu Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.