İqtisadiyyat naziri Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yanvarın 30-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb. Tapdıq Əliyev rəsmi qonağı salamlayaraq, onu yeni təyinatı ilə bağlı təbrik edib.
Naxçıvanda fəaliyyətindən məmnunluğunu ifadə edən Asip Kaya Türkiyənin Naxçıvandakı Baş Konsulu olmasından qürur duyduğunu ifadə edib.
Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, ikitərəfli iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.
Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın gücləndirilməsi, mövcud ticarət dövriyyəsinin artırılması və investisiya əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparıb.