Keçən il xarici borcun ÜDM-ə nisbəti birrəqəmli göstəriciyədək endirilib və 8,6 faiz təşkil edib.
NUHÇIXAN İnformasiya Agentliyi Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu barədə nazir Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.
Nazir bildirib ki, ötən il həm də xarici borcun əhəmiyyətli şəkildə azaldılması və daxili borc bazarının inkişaf etdirilməsi ilə səciyyəvi olub. Bu işlər 2018-ci ildə Prezidentin sərəncamı ilə təsdiq edilən və ötən ilin sonunda yenilənmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi əsasında həyata keçirilib.
“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd olunan strateji məqsədlər üzrə müəyyən edilən hədəflərə nail olunub, həm ortamüddətli, həm də uzunmüddətli dövrdə dövlət büdcəsinin maliyyə ehtiyacları nəzərə alınmaqla dövlət borcunun dayanıqlılığı təmin edilib. Bu barədə danışan S.Şərifov bildirib ki, 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəflənib. Strategiyanın icrası nəticəsində ümumi dövlət borcunun ÜDM-də payı 2018-ci il iyulun 1-i, yəni Strategiyanın qəbul olunduğu dövr ilə müqayisədə 21,4 faizdən 9,7 faiz bənd azalaraq, bu il yanvarın 1-nə 11,7 faiz təşkil edib. Eyni dövr ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3 faizdən 8,6 faizə azalıb, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,1 faizdən 3,1 faizə artıb. Növbəti strateji məqsəd kimi dövlət borcu üzrə risk parametrlərinin aşağı salınması, o cümlədən, daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılması hesabına məzənnə riskinin azaldılması, faiz dərəcələrinin artım riskinin qarşısının alınması məqsədilə dəyişkən faizli borcların sabit faizli borclarla əvəz edilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, Strategiyanın təsdiq olunduğu tarixdən etibarən ümumi dövlət borc portfelində xarici valyutada olan borcun payı 94 faizdən 20 faiz bəndi azaldılaraq cari ilin əvvəlinə 74 faiz təşkil edib, müvafiq olaraq daxili valyutada olan borcun payı isə 6 faizdən 26 faizə qədər yüksəlib.
Onun sözlərinə görə, dəyişkən faiz dərəcələrinin istinad faiz dərəcələri (bençmark) ən aşağı səviyyədə olduğu zamanlarda, yəni 2020-2021-ci illərdə sabitləşdirilməsi təmin edilib və dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelində payı 2018-ci il iyulun 1-i ilə müqayisədə 49,7 faizdən, bu il yanvarın 1-nə 35 faizdən aşağı səviyyəyə endirilib. Bu isə öz növbəsində, dövlət büdcəsinin xarici dövlət borcuna xidmət xərclərinə qənaət edilməsinə imkan yaratmaqdadır.