Dövlət Xidməti “Apple” və “İphone” əmtəə nişanlarından qanunsuz istifadənin dayandırılmasını tövsiyə edir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması zamanı bəzi sahibkarlıq subyektləri tərəfindən reklamlarda “Apple” loqosunun təsvirindən, habelə “Apple” və “İphone” əmtəə nişanlarından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri aşkarlanıb.
Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Apple” loqosunun təsviri, habelə “Apple” və “İphone” sözləri beynəlxalq əmtəə nişanı kimi “Apple Inc.” şirkətinin adından müvafiq qaydada qeydiyyata alınıb və Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Həmin əmtəə nişanları Azərbaycan Respublikasında qanunvericiliklə qorunur. Reklamlarda bu əmtəə nişanlarından yalnız əmtəə nişanının sahibinin razılığı ilə istifadə edilə bilər. Dövlət Xidməti sahibkarlara reklamlarda “Apple” loqosunun təsvirindən, habelə “Apple” və “İphone” əmtəə nişanlarından qanunsuz istifadənin dayandırılmasını tövsiyə edir.
Xatırladaq ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə haqsız rəqabət hesab olunur və buna görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub.