“Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda təsdiqlənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihələri Milli Məclisin fevralın 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
“Banklar haqqında” Qanuna təklif edilən əlavəyə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.
“Qiymətli kağızlar bazarı haqqında” qanuna təklif olunan yeni 28.4-cü maddədə isə bildirilir ki, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin investisiya qiymətli kağızları, o cümlədən dövlət qiymətli kağızları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.