Azərbaycanla Belarusun gömrük orqanları arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb - FOTOLAR
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikası gömrük xidmətinin dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. Fevralın 27-də nümayəndə heyəti Belarus Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, görüşdə Azərbaycan və Belarus gömrük xidmətləri arasındakı işgüzar əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsindəki rolundan bəhs edilib. Tərəflər gömrük sistemində rəqəmsallaşma, informasiya texnologiyalarının tətbiqi, risklərin təhlili, tranzit, poçt daşımaları sahəsində qarşılıqlı məlumat və təcrübə mübadiləsinin təşkilinə dair məsələlər ətrafında müzakirələr aparıblar.
Eyni zamanda, Belarus gömrük xidmətinin fəaliyyətinə dair geniş təqdimat nümayiş etdirilib.
Səfər çərçivəsində iki ölkənin gömrük orqanları arasında “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq Planı” sənədi imzalanıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus gömrük xidmətinin poçt vasitəsilə daşınan bağlamaların rəsmiləşdirildiyi struktur bölməsində olub, gömrük nəzarəti, çeşidləmə proseslərini izləyiblər.