Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinə əsasən informasiya ilə bağlı Qanuna dəyişikliklərlə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişikliklərlə bağlı qanun layihəsi parlamentin aprelin 4-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən qanunun 20-2.2-ci maddəsində “meyarları” sözü “siyahısı” sözü ilə, “müəyyən edilir” sözləri “səlahiyyətli orqanın təklifləri əsasında təsdiq edilir” sözləri ilə əvəz edilir və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:
“İnformasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin sahibləri (istifadəçiləri) kritik informasiya infrastrukturu obyektlərinin müəyyən edilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən sorğu edilən məlumatları həmin orqana 30 gün müddətində təqdim etməlidirlər.
Digər dəyişikliyə əsasən kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.
Qanun layihəsi səsvermədən sonra qəbul edilib.