Cari il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5361,6 min nəfər olub, onlardan 5059,1 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1715,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901,0 min nəfər, qeyri-dövlət sektorunda isə 814,8 min nəfər olub. İqtisadiyyatın neft-qaz sektorunda 32 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1683,8 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,3 faizi emal sənayesində, 6,7 faizi tikintidə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,4 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
Yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,7 saat təşkil edib.