NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, banklarla bağlı hüquqi və fiziki şəxslərin şikayət və sorğularının cavablandırılması imkanlarının genişləndirilməsi və operativliyin artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin “2244” qaynar xətti istifadəyə verilib.
Hüquqi və fiziki şəxslər kredit və sığorta təşkilatları tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarda, həmçinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin səlahiyyətlərinə aid məsələlər barədə məlumat və sorğu xarakterli müraciətlərlə bağlı qaynar xəttə zəng edə bilərlər.
Qaynar xətt bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək zəngləri qəbul edir. Daxil olan zənglərin yerində cavablandırılması mümkündürsə, vətəndaşların şifahi müraciətləri ilə əlaqədar onlara müvafiq izahat verilərək müraciətləri cavablandırılır. Yazılı müraciətlər isə müvafiq struktur bölmələrə yönəldilir.