Tarix sübut edir ki, müxtəlif dövrlərdə müəyyən səbəblərdən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaq anında məsuliyyəti öz üzərinə götürmüş qətiyyətli liderlərinin sayəsində mövcudluqlarını qoruyub, çətinliklərə sinə gərib, milli ideya ətrafında birləşiblər. Belə taleyüklü mərhələlərdə bir həqiqət də təsdiqini tapıb ki, hər bir dövlətin üzləşdiyi təhdidlərə qarşı əzmkar müqavimət göstərməsi, ilk növbədə, ona rəhbərlik edən siyasi liderin şəxsiyyətindən, idarəçilik səriştəsindən və qətiyyətindən asılıdır.
Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasət dahisi və əvəzedilməz lider Heydər Əliyev də ən çətin və mürəkkəb məqamlarda xilaskarlıq missiyası ilə xalqının köməyinə çatıb, Azərbaycan tarixinin parlaq səhifələrini yazaraq ölkənin salnaməsində dərin iz qoyub, sözün həqiqi mənasında, onu qurub yaradıb. Dahi şəxsiyyət böyük zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və dəmir iradəsi ilə daim xalqının, Vətəninin, dövlətinin xidmətində dayanıb.
Müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Heydər Əliyevin adı, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın bütün sahələr üzrə inkişafında, xüsusən iqtisadiyyatın dirçəlişində, sosial vəziyyətin yaxşılaşdırılmasında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində ümummilli liderin xidmətləri ölçüyəgəlməzdir. Heydər Əliyev hələ sovet hakimiyyəti illərində var qüvvəsi ilə Azərbaycanın gələcək inkişafı, tərəqqisi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması və cəmiyyətin firavanlığı naminə yorulmaq bilmədən çalışıb.
Ötən əsrin 60-cı illərində Azərbaycan ictimai-siyasi həyatın bir çox sahələri üzrə müttəfiq respublikalardan geridə qalırdı. Yalnız 1969-cu ildə Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra bu vəziyyətdən çıxış yolu kimi uzunmüddətli və məqsədyönlü sosial-iqtisadi inkişaf strategiyasının konseptual əsasları hazırlanıb və mərhələlərlə onun həyata keçirilməsinə başlanılıb. Nəticədə Azərbaycan dirçəliş yoluna qədəm qoyub, güclü sənaye potensialı yaradılıb, aqrar sektor inkişaf edib, energetika sistemi yenidən qurulub, çoxlu sayda infrastruktur və sosial obyektlər yaradılıb. Xüsusən, karbohidrogen ehtiyatlardan səmərəli istifadə olunması Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynayıb. Ümumiyyətlə, neft amili ulu öndərin dövlətçilik fəaliyyətinin bütün mərhələlərində uzaqgörən, düşünülmüş iqtisadi və siyasi xətt olaraq daim ön planda durub. Yalnız Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra xalq öz “qara qızıl”ından bəhrələnmək hüququ əldə edib və ölkənin gələcək inkişafı üçün etibarlı iqtisadi zəmin yaranıb.
Azərbaycanda sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı sayəsində əlverişli biznes mühitinin yaradılması üçün çox yaxşı imkanlar açılıb. Bu gün sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, bu sahədə yaradılan şərait birbaşa olaraq ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə əldə olunan inkişaf, möhkəm təməl ulu öndər Heydər Əliyevin diqqəti nəticəsində yaradılıbdır.
Azərbaycanın müasir sahibkarlığının tarixinə nəzər saldıqda şahidi oluruq ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra təsdiq edilmiş ''Azərbaycanda sahibkarlığın inkişafı Dövlət Proqramı”nın icrası sahibkarlıq sektorunda həyata keçirilən islahatların, ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətini genişləndirdi.
Ulu Öndərin fəaliyyətində, həmçinin sahibkarlıq fəaliyyətinə mane olan bir sıra əngəllərin və yoxlamaların aradan qaldırılması istiqamətində imzalanan fərman və sərəncamları da bu sahədə müstəsna rol oynayıb. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilib, 100-dən çox fərman və sərəncam imzalanıb, 30-a yaxın dövlət proqramı təsdiq edilib.
2002-ci il sahibkarlığın inkişafı sahəsində Ümummilli Liderimiz Heydər Əliyevin yerli və xarici iş adamları ilə keçirilmiş görüşləri ilə əlamətdar olub. Bu görüşlərin nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq dövlət proqramı qəbul edilib, bir sıra mühüm fərmanlar imzalanıb, bununla da ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin təməli qoyulubdur.
Yerli sahibkarlarla keçirilmiş həmin görüşün əhəmiyyətini nəzərə alaraq, cənab Prezident Sahibkarlar Gününün məhz aprel ayının 25-də qeyd edilməsini qərara alıb.
Ümummilli líder Naxçıvan Muxtar Respublikasında cəmiyyət həyatının bütün sahələrini əhatə edən inkişafın möhkəm əsaslarının yaradıb, sonralar ümumən Azərbaycanın hər yerində, o cümlədən Naxçıvanda baş verən böyük yeniləşmə və inkişaf prosesləri məhz həmin zəmin üzərində ucalıbdır.
Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, sənayenin inkişafı üçün də ötən illər çox iş görülüb, mühüm nailiyyətlər qazanılıb. Bu uğurların bünövrəsi ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi ilə qoyulubdur. Həmin dövrdən başlayaraq Naxçıvanda sənaye məhsulları, xüsusən duz, mineral sular, ipək xammalı, tikinti materialları, şərab, meyvə konservləri istehsalı artmağa başlayıb. Özü də həmin məhsulların əksəriyyətinin istehsalı əsasən yerli xammala əsaslanırdı. Araz çayı üzərində İran ilə birgə Elektrik Stansiyası, Tikiş və Alt trikotaj fabrikləri, yeni Mineral su doldurma və Şüşə qabları zavodları, Taxıl məhsulları kombinatı, Dəmir-beton məhsulları müəssisəsi məhz həmin dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilib və işə salınıb. O illər həmçinin Naxçıvan Muxtar Respublikasında Şahtaxtı daş karxanası, Kərpic zavodu istifadəyə verilib, o cümlədən Naxçıvan Xalça kombinatı, Şərur Konserv Zavodu, ikinci Dəmir-beton zavodu fəaliyyətə başlayıb.
Ulu öndərin sosial-iqtisadi inkişaf konsepsiyası Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməkdədir. 2022-ci ildə ümumi daxili məhsul istehsalının 1994-cü illə müqayisədə 80,2 dəfə, sənaye məhsulunun həcminin 467,3 dəfə, kənd təsərrüfatının ümumi məhsulunun 25,8 dəfə artması görkəmli dövlət xadimi Heydər Əliyev siyasi kursunun təntənəsidir.
Aparılan məqsədyönlü dövlət siyasəti sayəsində muxtar respublikada sənaye müəssisələrinin sayı 400-ü ötüb, 300-dən çox məhsul istehsalına nail olunubdur. Sənayenin inkişafına yönəlmiş mexanizmlərdən biri də sənaye məhəlləsinin yaradılmasıdır. Son dövrlər muxtar respublikada bu istiqamətdə bir sıra addımlar atılıb. Şərur rayonunda yaradılan sənaye məhəlləsində bütün zəruri infrastruktur qurulub, burada ayaqqabı, avropa qapıları, mebel, kağız kisə və karton tara istehsalı sahələri fəaliyyətə başlayıb, istehsal gücü sutkada 60 ton yağlı toxum emalına malik olan bitki yağı istehsalı sahəsi isə qurulmaqdadır.
Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 88 faizi ötübdür.
Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu yaradılıb. Fondun vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Güzəştli kreditlərdən daha səmərəli istifadə edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Ümumilikdə 2000-2022-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1799 layihə üzrə 183 milyon 535 min manat, o cümlədən 2022-ci ildə 141 layihə üzrə 7 milyon 184 min 600 manat həcmində güzəştli kredit verilibdir. Həmin vəsait sənaye, xidmət, kənd təsərrüfatı təyinatlı sahələrin maliyyələşdirilməsinə yönəldilibdir.
Sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, sahibkarların hüquqlarının müdafiəsi məqsədilə indiyədək bir çox qanunlar qəbul olunub. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri 2002-ci il 28 sentyabr tarixində “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərman və 2013-cü ilin 2 iyul tarixində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanıb ki, bu sənədlər əsasında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə öz həllini tapıbdır.
Biznes sferasının tənzimlənməsi istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılmasıdır. Bu məqsədlə 4 aprel 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanı ilə Naxçıvan Muxtar Respublikası ərazisində lisenziya verən orqanların siyahısı və lisenziya tələb edən fəaliyyət növlərinin sayı müəyyən olunub. Reallaşdırılan tədbirlər nəticəsində bu sahədə lisenziyanın verilməsi daha da sadələşdirilib, sahibkar və vətəndaş məmnunluğu yüksəldilib.
Sahibkarlıq sahəsində lisenziya tələb olunan fəaliyyət növlərinin əhəmiyyətli dərəcədə azaldılması, sərmayə qoyuluşunun stimullaşdırılması, satınalmalar prosedurunun tamamilə elektronlaşdırılması və vahid internet portalı vasitəsilə həyata keçirilməsi kimi tədbirlər də özəl sektorun fəaliyyətinin gücləndirilməsinə, şəffaflığın və hesabatlılığın artırılmasına, rəqəmsallaşmanın geniş vüsət almasına, rəqabət mühitinin inkişafına xidmət edir.
Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əlaqələrinin inkişaf etdirilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılması, onların xarici ölkələrdə tanıdılmasında keçirilən biznes forumların və beynəlxalq tədbirlərin böyük rolu var. Ümumilikdə 2002-2022-ci ilin ötən dövr ərzində 50-dən çox ölkədə keçirilmiş 425 tədbirdə 2039 halda sahibkarlıq subyektlərinin 2184 nümayəndəsinin iştirakı təmin edilibdir.
Ümumi iqtisadi inkişafa təsir göstərən amillərdən biri də yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu gün muxtar respublikada istehsal olunan bir sıra qida məhsulları, mineral sular, daş məhsulları, tikinti materialları, tütün məmulatları, mebel məhsulları 20-dək ölkəyə ixrac olunur.
Aqrar sahədə baş verən dəyişikliklərin tənzimlənməsi və idarə olunması ilə regionda yeni təsərrüfat münasibətləri şəraitində kənd təsərrüfatı sahələrinin dirçəldilməsində mühüm nailiyyətlər qazanılıb.
Kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, motor yağları və gübrələrə görə tətbiq olunan güzəştlər, texnikaların lizinq yolu ilə verilməsi, arıçılıq və bağçılıq sahəsinə subsidiyaların verilməsi bu sahənin inkişafına öz töhfəsini veribdir. Ötən illər ərzində süd emalı, heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq təsərrüfatları ilə yanaşı soyuducu anbar və istixana təsərrüfatları istifadəyə verilibdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan tələbatının daha dolğun şəkildə ödənilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
Bütün bunlar Heydər Əliyev dövlətçilik məktəbinin, geniş mənada müstəqillik dövrü Azərbaycan dövlətçiliyinin nailiyyətləridir. Bu böyük dövlətçilik konsepsiyasının qətiyyətlə həyata keçirilməsi ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələrdə inkişafdan yenilənməyə və intibaha doğru hərəkatın başlıca hərəkətverici qüvvəsinə çevrilib.
Çinarə Balayeva
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi