Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və nazirliyin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə, eləcə də ölkədə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyəti, istehsal edilən məhsullar haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, sənaye parkında yerləşən bir çox müəssisənin istehsal etdiyi məhsullar "Made in Azerbaijan" brendi altında dünya bazarlarına çıxarılır.
T.Əliyev Agentliklə əməkdaşlığın, xüsusilə sənaye sahəsində əlaqələrin genişlənməsində, Naxçıvanda yeni yaradılacaq Sənaye Parkının tənzimlənməsi zamanı burdakı təcrübədən, mütəxəssislərinin bilik və bacarıqlarından yararlanmaq niyyətində olduğunu bildirib.
Rezidentlərin qeydiyyat proseduru, prioritet sahələr və enerji təchizatı barədə suallar cavablandırılıb, daha sonra nazir Park ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə tanış olub.