Bu gün Bakı şəhərində Sahibkarlar Gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, konfransda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibinə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının, “Arkoz Holdinq”in, “Nəqşicahan Holdinq” Şirkətlər Qrupunun, “Ləzzət Qida Sənaye”, “NaxPlast” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və “Müasir məkan” Ət və Ət Məhsulları Müəssisəsinin nümayəndələri daxil edilib.
Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı və çiçəklənməsi, o cümlədən sahibkarlığın inkişafı sahəsində gördüyü işlərə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev-100” filmi nümayiş olunub.
Konfrans iştirakçıları Gülüstan sarayının foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgiyə də baxıblar.