Dünya Bankı bildirib ki, bu il əmtəə qiymətlərində COVID-19 pandemiyasından bəri ən kəskin eniş qeydə alınacaq. Bununla belə, qiymətlərin enməsinin dünyada ərzaq təhlükəsizliyi ilə üzləşən təxminən 350 milyon insana bir az rahatlıq gətirəcəyi gözlənilir.
NUHÇIXAN İnformasiya Agentliyi Dünya Bankının bəyanatına istinadla xəbər verir ki, ərzaq qiymətlərinin bu il 8 faiz azalacağı gözlənilsə də, 1975-ci ildən bəri ikinci ən yüksək səviyyədə olacağı proqnozlaşdırılır. Bundan başqa, qlobal miqyasda illik inflyasiya bu ilin fevralında 20 faiz təşkil edib ki, bu, son iki onillikdə ən yüksək göstəricidir.
Dünya Bankının baş iqtisadçısı və inkişaf strategiyası üzrə vitse-prezidenti Indermit Gill deyib: "Rusiyanın Ukraynaya təcavüzündən sonra ərzaq və enerji qiymətlərindəki artım əsasən iqtisadi artımın yavaşlaması, mülayim qış və əmtəə ticarətində yenidən bölüşdürmələr səbəbindən yavaşlayıb. Real olaraq, ərzaq qiymətləri son beş onilliyin ən yüksək səviyyəsində qalacaq. Hökumətlər ticarət məhdudiyyətlərindən qaçmalı və qiymətlərə nəzarətdən daha çox məqsədyönlü gəlirə dəstək proqramlarından istifadə edərək ən yoxsul vətəndaşlarını qorumalıdır".
Dünya Bankı yekun olaraq bildirib ki, bu il ümumi əmtəə qiymətlərinin keçən illə müqayisədə 21 faiz, enerji qiymətlərinin isə 26 faiz azalacağı proqnozlaşdırılır.