Mayın 17-də “Caspian Energy Club” və “Caspian Energy Uzbekistanı”ın birgə təşkilatçılığı ilə beynəlxalq "Caspian Energy Investment Forum Tashkent 2023" tədbiri keçiriləcək. Forum "Caspian Energy Club" tərəfindən 20 ölkədə keçirilməsi planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olunacaq.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi "Caspian Energy Uzbekistan"ın İdarə Heyətinin sədri Tehran Əliyev bildirib.
Xatırladaq ki, bu tədbirə həsr olunmuş ilk üç forum fevralın 28-də Tbilisidə, martın 22-də Praqada və aprelin 30-da İstanbulda təşkil olunub. Foruma rəsmi dəstək Özbəkistanın ölkəmizdəki səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO - tərəfindən göstəriləcək.
Tehran Əliyevin sözlərinə görə, təşkil olunacaq beynəlxalq "Caspian Energy Investment Forum Taskent 2023" tədbirinin əsas mövzuları Özbəkistanın investisiya potensialı (logistika, azad iqtisadi zonalar), kənd təsərrüfatı, sənaye, yaşıl enerji tranziti, enerji təhlükəsizliyi, orta dəhlizin inkişafı, ixrac və idxal imkanları, rəqəmsal iqtisadiyyat, Yeni Daşkənd layihəsinin perspektivləri, eləcə də Avropa İttifaqı ilə türkdilli ölkələrin biznes nümayəndələri arasında əməkdaşlıq olacaq.
Forumda Özbəkistanda dövlət qurumlarının, ölkədə akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların rəhbərləri və nümayəndələri, həmçinin Xəzər, Qara dəniz və Baltikyanı region ölkələrindən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak edəcəklər.
"Məqsədimiz ikitərəfli iqtisadi əlaqələrin inkişafı, beynəlxalq səviyyədə biznes netvorkingin yaradılması, xarici sahibkarlar və investorlar üçün yaradılan imkanların işıqlandırılmasıdır", - deyə Tehran Əliyev qeyd edib.
Tədbir çərçivəsində forum iştirakçılarının “Özbəkistanın neft və qazı - OGU 2023” 25-ci yubiley beynəlxalq sərgi və konfransına baş çəkmələri, həmçinin “TEXNOPARK” MMC, IT Park və s. bu kimi müəssisələrdə işgüzar görüşlərin keçirməsi planlaşdırılır.
"Caspian Energy Club" dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorking üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.