“Orqanik Naxçıvan" məhsulları beynəlxalq sərgidə - VİDEO
“Naxçıvanda fermerlər tərəfindən istehsal olunan məhsullar orqanikdir və ilk dəfədir ki, burada sərgilənən məhsullar “Orqanik Naxçıvan" məhsulları adı altında nümayiş etdirilir”
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova bu gün Bakıda keçirilən 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") açılış mərasimində çıxışı zamanı səsləndirib.
Naxçıvanın kənd təsərrüfatı potensialı haqqında geniş məlumat verən Xəyalə Dadaşova qeyd edib ki, sərgilərdə ilk dəfə olaraq yüzlərlə adda və çeşiddə Naxçıvanın kənd təsərrüfatı məhsulları nümayiş olunur. Naxçıvan məhsullarına sərgidə istər xarici ölkələrin nümayəndələri, istərsə də ölkəmizin müxtəlif bölgələrindən gələn qonaqların marağı olduqca böyükdür. Vurğulayıb ki, Azərbaycanda ilk dəfə torpaq islahatı Ulu Öndər Heydər Əliyev tərəfindən məhz Naxçıvanda həyata keçirilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümumilli liderin rəhbərliyi ilə burada aqrar islahatlar daha geniş şəkildə davam etdirilib.
“Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Naxçıvanda kənd təsərrüfatı məhsullarının öyrənilməsi və istehsalı, sənaye müəssisələrinin fəaliyyətə başlaması, məhsul çeşidinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür”, - deyə o əlavə edib.
Nazir müavini çıxışı zamanı investorları Naxçıvanın geniş kənd təsərrüfatı potensialından istifadə etməyə, bu sahəyə sərmayə yatırmağa çağırıb.
Qeyd edək ki, Xəyalə Dadaşova sərgi çərçivəsində keçirilən "Aqrar İnnovasiyalar Forumu"nda da iştirak edib.
Jurnalistlərin suallarını cavablandıran Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, sərgidə ilk dəfədir, Naxçıvan Muxtar Respublikasının ayrıca pavilyonu yaradılıb. Bu, hamımız üçün bir qürur mənbəyidir. Biz bilirik ki, Zəngəzur dəhlizi üzərində yerləşən Naxçıvanın gələcək kənd təsərrüfatı və aqrar inkişaf potensialı çox böyükdür. Ümid edirik ki, bu sərgi Naxçıvanda aqrar sahəyə investisiyaların artırılmasında bir başlanğıc olacaq.
Sərgilərdə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Çexiya, Polşa, Avstriya, İspaniya, Latviya, Estoniya, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, İsrail və Hindistan şirkətləri də təmsil olunur.
Sərgilər 3 gün davam edəcək.