Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi üçün 2022-ci il dövlət büdcəsindən 425,0 milyon manat və ya proqnoza nisbətən 32,6 milyon manat (7,1 faiz) az dotasiya ayrılıb.
NUHÇIXAN xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.
Qeyd edilib ki, icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 606,1 milyon manat proqnoza qarşı 623,5 milyon manat (17,4 milyon manat və ya 2,9 faiz çox) olmuşdur ki, bu da 2021-ci illə müqayisədə 99,8 milyon manat və ya 19,1 faiz çoxdur. Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəlirləri 148,5 milyon manat proqnoza qarşı faktiki icra 198,5 milyon manat və ya 50,0 milyon manat (33,7 faiz) çox olub.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəlirləri üzrə proqnozdan artıq daxilolmalar da nəzərə alınmaqla Muxtar Respublikanın büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi üçün 2022-ci il dövlət büdcəsindən 425,0 milyon manat və ya proqnoza nisbətən 32,6 milyon manat (7,1 faiz) az dotasiya ayrılıb.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 607,6 milyon manat təşkil etmişdir ki, bu da 2021-ci illə müqayisədə 85,6 milyon manat və ya 16,4 faiz çoxdur.