İşğaldan azad edilmiş ərazilərdə dağılmış nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni avtomobil, dəmir yollarının inşası istiqamətində mühüm işlər görülür.
NUHÇIXAN xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov 1-ci Beynəlxalq Nəqliyyat və Logistika Forumunda çıxışı zamanı deyib.
Nazir müavini vurğulayıb ki, Zəngəzur dəhlizi üzərindən , Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında reallaşdırılan regional kommunikasiya layihələri, işğaldan azad edilmiş ərazilərin mövcud potensialından tam istifadə edilməsi davamlı və dayanıqlı inkişaf, Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq erasını təşviq etməsi üçün geniş imkanlar yaradır.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi Cənubi Qafqazda sülhün bərqərar olması ilə yanaşı, təchizat zəncirinin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir.
Nazir müavini bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Regional Nəqliyyat Baş Planı hazırlanıb və planın icrası istiqamətində mühüm işlər həyata keçirilib. Baş plana əsasən həyata keçirilən layihələr sırasında Horadiz-Ağbənd dəmir yolları layihələri mühüm əhəmiyyət kəsb edir. Həmin layihələrin 2024-cü ilin sonuna qədər yekunlaşması planlaşdırılır.