Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətində Naxçıvanın strateji əhəmiyyəti artır.
NUHÇIXAN xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvanda keçirilən xüsusi sessiyada energetika naziri Pərviz Şahbazov bildirib.
"Naxçıvan Azərbaycan xalqına anadan olmasının 100 illiyini qeyd etdiyimiz böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş edib. Naxçıvanın inkişafı da onun adı ilə sıx bağlıdır. Ona görə də “Heydər Əliyev İli"ndə Naxçıvanda keçirilən “Enerji həftəsi”nin öz rəmzi mənası və xüsusi missiyası var. Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirən və onu enerji mərkəzinə çevirən yeni bir inkişaf mərhələsi başlanır", - deyə o qeyd edib.
Dövlət başçısı Azərbaycanın gələcəyini “yaşıl enerji” ölkəsi kimi inkişafda görür, hazırda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi də ölkə prezidentinin mütərəqqi inkişaf siyasətinin təzahürüdür. Bu aspektdə, Azərbaycanın təmiz ətraf mühitə malik “yaşıl artım”, “yaşıl enerji”ni istehsal və ixrac edən ölkəyə transformasiyasında Şərqi Zəngəzur və Naxçıvanın rolu güclənir. Bu bölgələr həm də 2050-ci ilə karbon emissiyalarının 40% azaldılması hədəfimizə doğru aparan yolun əhəmiyyətli hissəsinə çevrilir", - deyə nazir əlavə edib.