Pərviz Şahbazov: "Naxçıvan “yaşıl enerji” marafonuna qoşulur"

A- A A+

Bu gün Naxçıvan “yaşıl enerji” marafonuna qoşulur.

NUHÇIXAN xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvanda keçirilən xüsusi sessiyada energetika naziri Pərviz Şahbazov bildirib.

"Naxçıvanda “yaşıl enerji zonası”nın inkişafı üçün də Konsepsiya hazırlanır. Əlverişli günəş radiasiyasına malik Naxçıvan bu məqsədin həyata keçirilməsi üçün ideal ərazidir. Hazırda qoyuluş gücü 252 MVt olan 12 elektrik stansiyası fəaliyyət göstərir ki, bu stansiyaların 10-u elektrik enerjisini bərpa olunan enerji mənbələrindən istehsal edir. Muxtar respublikanın elektrik enerjisi tələbatının 1/3-i bərpa olunan enerji hesabına ödənir. Lakin bu göstəricini əhəmiyyətli dərəcədə artırmaq imkanı var və bu məqsədlə xarici investorlarla əməkdaşlığımızın coğrafiyasına Naxçıvan da daxildir. Muxtar respublikada külək və günəş enerjisi üzrə təqribən 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması, onun ən azı 1000 MVt-ının Türkiyə və Avropa istiqamətində ixracı strateji hədəfimizdir və biz bununla bağlı artıq fəaliyyətə başlamışıq", - deyə o qeyd edib.

"Bu gün burada Energetika Nazirliyi və Dövlət Neft Şirkəti (SOCAR) bir sıra əməkdaşlıq sənədləri imzalayacaq. “TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə günəş və külək enerjisi layihələri üzrə nəzərdə tutulan 900 MVt gücün 650 MVt-nın Naxçıvanda yaradılması planlaşdırılır. 400 MVt-lıq günəş elektrik stansiyasının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə “Nobel Energy” şirkəti ilə əməkdaşlıq ediləcək. “TotalEnergies” şirkəti isə 250 MVt gücündə günəş elektrik stansiyası, həmçinin enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsini və icrasını nəzərdə tutur", - deyə nazir əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: