Energetika Nazirliyi və SOCAR ümumilikdə üç Anlaşma Memorandumu imzalayıb - FOTOLAR
Energetika Nazirliyi və “TotalEnergies Renewables SAS” şirkəti arasında “250 MVt gücündə quruda külək, Naxçıvan MR-da 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
NUHÇIXAN xəbər verir ki, imzalanma mərasimi Naxçıvan şəhərində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən xüsusi sessiyada baş tutub.
Bundan başqa, nazirlik və "Nobel Energy Management" MMC arasında “Naxçıvan MR-da 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Tədbir çərçivəsində SOCAR ilə “China Energy International Group Co.Ltd” şirkəti arasında Əməkdaşlığa dair Saziş imzalanıb. Saziş Azərbaycan ərazisində bərpa olunan enerji layihələrinin inkişafını, tərəflər arasında təcrübə mübadilələrinin təşkilini, texniki və maliyyə cəhətdən potensial layihələrin reallaşdırılması üçün optimal yanaşmanı və digər məsələləri nəzərdə tutur.