Türkmənistan parlamenti “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”i ratifikasiya edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, sənəd Türkmənistanın 7-ci çağırış parlamentinin ikinci iclasında ratifikasiya edilib.
“Üçtərəfli sazişin əsas məqsədi dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək və intensivləşdirməkdir”, - “Neytral Türkmənistan” nəşrində vurğulanıb.
Bildirilib ki, enerji, kənd təsərrüfatı, qida və kimya sənayesi, nəqliyyat və logistika sahələrində Bakı və Ankara ilə uzunmüddətli əməkdaşlıq Aşqabad üçün faydalıdır.
Bu saziş qarşılıqlı maraq doğuran məsələlər üzrə yeni əməkdaşlıq sahələrinin açılmasına töhfə verəcək.
Xatırladaq ki, bu saziş ötən ilin dekabrında Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanıb.