Muxtar respublikada faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Culfa rayonunda yerləşən Geoloji Axtarış və Kəşfiyyat idarəsindən NUHÇIXAN-a bildirilib ki, muxtar respublika ərazisində kəşf edilən və Faydalı Qazıntı Ehtiyatları Komissiyasında qeydiyyata alınan 13 filiz və 54 qeyri-filiz yatağı mövcuddur. Bu yataqların potensialından istifadə edilməsi üçün real zəmin yaradılıb.
Qeyd edilib ki, ilk dəfə olaraq muxtar respublika ərazisində faydalı qazıntı yataqlarının hərraca çıxarılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulur. Culfa və Babək rayonları ərazisində yerləşən Qoşaldağ qum yatağının 3,3 hektar hissəsi hərraca çıxarılmaq üçün formalaşdırılıb və hüquqi sənədləşdirmələr tərtib edilib.
Mədənçilik və karxana fəaliyyəti ilə məşğul olmaq istəyən dövlət və özəl sektorun nümayəndələri, eləcə də hüquqi və fiziki şəxsləri hərraca dəvət edilir. İddiaçılar hərracda iştirak etmək üçün elanda göstərilən sənədləri iyunun 2-dən iyunun 25-i saat 16:00-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməlidilər. Hərrac iyulun 7-si saat 11:00-da Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 19 ünvanında (Naxçıvan Biznes Mərkəzi MMC) keçiriləcək.
Oruc Mirzəyev